Şeyxülislam həzrətləri Özbəkistan Respublikasının ölkəmizdəki səlahiyyətli səfirini qəbul etdi

02.02.2022
 
 
         Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 2-də Özbəkistan Respublikasının ölkəmizdə Fövqəladə və səlahiyyətli səfiri qəbul etdi.
     Səmimi keçən görüşdə Azərbaycanla Özbəkistan arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açıldı. Bildirildi ki, qardaş ölkələrimizin möhtərəm dövlət başçıları -- Zati-aliləri cənab İlham Əliyev və Zati-aliləri cənab Şavkat Mirziyoyevin qardaşlıq münasibətləri ortaq tarixə malik, eyni dini-mənəvi dəyərləri bölüşən dost Azərbaycan və Özbəkistan xalqlarının ümumi mənafelərinə xidmət edir. Şeyxülislam A. Paşazadə İslam dünyasının ayrılmaz parçası olan, milli və mənəvi dəyərlərinə sadiq dünyəvi dövlət modellərinə malik Azərbaycan və Özbəkistan dövlətlərində milli-mənəvi irsə qayğı və dövlət himayəsini dəyərli nümunə kimi qiymətləndirdi.
Görüşdə İslam dünyasının tanınmış elm, irfan məkanı olaraq təşəkkül tapmış mənəvi mərkəzlərindən biri olan Özbəkistanın dini-mənəvi məkanlarının tanıdılması vacibliyinə diqqəti çəkən səfir Bahrom Aşrafxanov ölkəsində bu istiqamətdə görülən işlər barədə QMİ sədrinə ətraflı məlumat verdi.  Səfir bildirdi ki, Özbəkistan Prezidentinin tapşırığı ilə özbək hökuməti xüsusi qərar qəbul edilmişdir ki, Özbəkistanın dünya şöhrətli, 500 illik tarixə malik Mir-Ərəb mədrəsəsinin, Daşkənd İslam Universitetinin dünyada tanınan şöhrətli məzunu –Şeyxülislam Allahşükür Paşazadənin şərəfinə özbək torpağının tarixi məkanları – Daşkənd, Buxara, Səmərqənd və digər şəhərlərin dini-mənəvi məkanlarına ziyarətlərin təşkili «Allahşükür Paşazadənin izi ilə» devizi altında həyata keçirilsin. Səfir B. Aşrafxanov Şeyxülislam Allahşükür Paşazadənin Özbəkistanda böyük nüfuza malik olduğunu, hər zaman ehtiramla qarsılandığını vurğulayaraq adı çəkilən qərara əsasən nəzərdə tutulan, əsasən, Azərbaycandan, Qafqazdan təşrif buyuracaq zəvvarlar üçün ziyarət turunun tabloidini QMİ sədrinə təqdim etdi. Şeyxülislam A. Paşazadə Özbəkistanı hər zaman ikinci vətəni saydığını, ömrünün təhsillə bağlı illərini bu ölkədə keçirdiyini, özbək xalqını və onun zəngin mədəniyyətini, mənəvi irsini yüksək dəyərləndirdiyini ifadə etdi.  İslamın elmi cəhətdən tədqiqi, müsəlman irsinin təbliği istiqamətində Özbəkistanın dünya miqyasında şöhrətinin təşviqində siyasi iradəsinin rolunu olduqca önəmli sayan A. Paşazadə şəxsinə olan hörməti özü üçün böyük nemət saydığını dilə gətirdi, qədirbilən özbək xalqına, dövlətinə və onun müdrik dövlət başçısına ehtiramını və  dərin minnətdarlığını bildirdi. QMİ sədri xüsusi vurğuladı ki, Özbəkistan dövləti Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə İslam İntibahı dövrünü yaşayır. Xalqının milli-mənəvi dəyərlərinə yüksək ehtiram bəsləyən Özbəkistan dövlət başçısı tərəfindən həyata keçirilən, qısa müddət ərzində Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi, beynəlxalq tədqiqat mərkəzləri, elmi ocaqlarının yaradılması, özbək xalqının zəngin mənəvi irsinin xaricdə dərindən öyrənilməsinə və tanıdılmasına yönəlmiş dövlət siyasətinin nəticələri böyük əhəmiyyət kəsb edir. Şeyxülislam A. Paşazadə Özbəkistan liderinin İslam irsinə, mənəvi dəyərlərə ali himayə və diqqətini yüksək qiymətləndirdi, Uca Allahdan onun bu möhtəşəm fəaliyyətinə xeyir-dualar dilədi.
 Şeyxülislam A. Paşazadə Özbəkistana ziyarət turlarının Azərbaycanda maraqla qarşılanacağına əminliyini ifadə etdi və bu nəcib işə uğurlar arzuladı. QMİ sədri Özbəkistana ziyarət səfərlərilə bərabər yaxın gələcəkdə Azərbaycanın dini-mənəvi məkanlarına ziyarətlərin, o cümlədən, azad olunmuş Qarabağ torpaqlarına turların təşkil ediləcəyinə ümidvar olduğunu bildirdi. Əlavə etdi ki, Qarabağın dini-mənəvi, mədəni irsinə qarşı törədilmiş vandalizm halları ilə, habelə dövlətimiz tərəfindən mənəvi irsin bərpa və yenidənqurulması sahəsində görülən işlərlə ziyarətçilərin yerində tanış olmaq imkanı olduqca əhəmiyyətlidir.
Şeyxülislam A. Paşazadə özbək səfirə bu yaxınlarda baş tutmuş Vatikan səfəri barədə danışdı. QMİ sədri bildirdi ki, dinlərarası dialoq müstəvisində, müsəlman-xristian əlaqələri tarixində önəm kəsb edən səfər Müqəddəs Taxt-Tacla Azərbaycan arasında, İslam dünyası ilə əlaqələrin inkişafına öz töhfəsini vermək, yeni imkanlar açmaq baxımından uğurlu və perspektivli oldu. A. Paşazadə qeyd etdi ki, Vatikandakı görüşlərdə Mərkəzi Asiya ölkələri, o cümlədən, Özbəkistanla əlaqələrdə maraqlı olduqları və münasibətlərin qurulmasında QMİ-nin bu regiondakı nüfuzundan yararlanmaq istəkləri vurğulandı.
Görüşdə Türk Dövlətləri Birliyi çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi  əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə fikir mübadiləsi aparıldı. QMİ sədri A. Paşazadə qeyd etdi ki, bu Birlik çərçivəsində türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması məqsədəuyğundur.
 
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 
 

Oxunub : 2723