İtaliya mətbuatı Azərbaycanın G20 Dinlərarası Forumda iştirakını geniş işıqlandırıb

 
24.09.2021
İtaliyanın nüfuzlu mətbuat orqanları – “Giornale Diplomatico”, “Insideover”, “MetroCT”, “Kmetro0” və “Agenzia Nova” kimi kütləvi informasiya vasitələrində bu ölkənin G20-yə sədrliyi çərçivəsində sentyabrın 12-14-də Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”da Azərbaycanın geniş nümayəndə heyəti ilə təmsil olunduğuna dair məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, yazılarda dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, dini liderlər, nazirlər, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi və “Mədəniyyətlər arasında sülh, dinlər arasında anlaşma” şüarı ilə keçirilən forumda Azərbaycanı dini konfessiya rəhbərlərinin təmsil olunduğu nümayəndə heyətinin rəhbəri qismində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin, eləcə də mədəniyyət naziri Anar Kərimovun təmsil etdiyi bildirilir.
Məqalələrdə Azərbaycan-İtaliya əlaqələrinin “Trans-Adriatik” (TAP) qaz boru kəməri kimi mühüm enerji layihəsi ilə yanaşı, həm siyasi, həm iqtisadi, eləcə də dinlərarası və mədəniyyətlərarası sahədə də inkişaf etdiyi vurğulanır. İki ölkənin birgə əməkdaşlığının son dövrlərdə investisiya, infrastruktur, kənd təsərrüfatı sektorunu, həmçinin turizm və Qarabağın bərpasını əhatə etdiyi bildirilir. Dinlərarası Forum isə Azərbaycanın və İtaliyanın bu sahədəki yanaşmalarını beynəlxalq arenada nümayiş etdirmələri üçün mühüm platforma idi.
Yazılarda qeyd olunur ki, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov forumdakı çıxışında iki ölkə arasında imzalanan müxtəlif əməkdaşlıq müqavilələrinin, qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb, Ermənistan silahlı qüvvələrinin işğal dövründə Azərbaycanın mədəni və dini abidələrini - məscidlər, teatrlar və ictimai binaları dağıtdığını vurğulayıb. Nazir işğal zamanı Qarabağın vandalizmə məruz qaldığını, lakin bu ərazilərdə işğal dövründə dağıdılmış bütün dini-mədəni abidələrin mənşəyinə görə heç bir ayrı-seçkilik qoyulmadan Azərbaycan dövləti tərəfindən bərpasına başlanıldığını qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə forumdakı çıxışı zamanı terrorizmə, zorakılığa, irqi və dini ayrı-seçkiliyə son qoymağa çağırıb, sülhü və əmin-amanlığı tərənnüm etməyi, qaçqınlara, məcburi köçkünlərə, miqrantlara qayğı ilə yanaşılması, dini etiqad azadlığı, uşaq və qadın hüquqlarının qorunması kimi vacib problemlərə diqqət ayrılmasının vacibliyini vurğulayıb. Məqalələrdə şeyxülislamın dünyanı təhdid edən təhlükələrin qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılmasının, qlobal dialoqun gücləndirilməsinin vacibliyini qeyd etdiyi bildirilib. O, müasir dövrdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışlarının siyasi-ictimai təhlükəyə çevrildiyini, nə yəhudi, nə xristian, nə də İslam dininin insan ölümünə, terror və təhqirə haqq qazandırmadığını vurğulayıb.
Yazılarda QMİ sədrinin Azərbaycanın öz suveren hüquqlarına əsaslanaraq Ermənistanın 30 ilə yaxın müddətdə ölkəmizə qarşı davam edən təcavüzünə son qoyduğunu və beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunduğunu qeyd etdiyi bildirilir. Buradakı məscidlərin əksəriyyətinin tamamilə dağıdıldığı, qəbiristanlıqlar, digər dini ibadətgahlar, o cümlədən Rus Pravoslav və Qafqaz Alban kilsələri mənsubiyyətinin dəyişdirildiyi qeyd olunub.
Bildirilib ki, şeyxülislam hazırda işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işlərinin aparıldığını, bu ərazilərdə bütün dini konfessiyalara məxsus məbədlərinin bərpa olunacağını vurğulayıb.
 
 
 
 
 

Oxunub : 1920