QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb

01.09.2021
Sentyabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri  Serjan Abdıkarimovu qəbul etdi.
Azərbaycan və Qazaxıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin bu gün də həyatın bütün sahələrində, o cümlədən, dini-mənəvi müstəvidə davamlı inkişaf etdiyini rəğbətlə qeyd edən QMİ sədri bu münasibətlərin dövlətlərimizin və xalqlarımızın ümumi maraqlarına və mənafelərinə cavab verdiyini xüsusi vurğuladı. Şeyxülislam A. Paşazadə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev və Qazaxıstanın ümummilli lideri Nursultan Nazarbayevin müdrik liderlikləri ilə əsası qoyulmuş müstəqil Azərbaycan-Qazaxıstan əlaqələrinin bu gün nüfuzlu dövlət xadimləri – Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səyləri ilə davam və inkişaf etdirilməsindən məmnunluğunu, bunun xalqlarımız və dövlətlərimiz üçün xeyirlərə vəsilə olduğunu bildirdi. 
Azərbaycanın tarixi ədaləti bərpa edərək ərazi bütövlüyünü bərpa etməsi yönündə haqlı mübarizəsində Qazaxıstanın beynəlxalq müstəvidə hüquq çərçivəsində qardaş dəstəyini yüksək qiymətləndirən Şeyxülislam A. Paşazadə qazax xalqına minnətdarlığını ifadə etdi. Eyni zamanda, QMİ sədri bu yaxınlarda Qazaxıstanda silah zavodunda baş vermiş partlayış zamanı həlak olanların ailələrinə, yaxınlarına, bütün qazax xalqına başsağlığı verdi.  
Azərbaycanı tarixi ədalətin və ölkənin ərazi bütövlüyünün beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında bərpası ilə əlaqədar təbrik edən qazaxıstanlı səfir Qarabağı ziyarətindən, bu ərazilərdə gördüklərindən təəssüratlarını Şeyxülislam A. Paşazadə ilə bölüşdü, azad Qarabağda aparılan quruculuq işlərindən rəgbətlə danışdı. Qazaxıstanlı səfir ölkəsi ilə Azərbaycan arasında son dövrlərdə ticarət-iqtisadi sahədə yeni əlaqələrin qurulmasını fəxrlə vurğuladı, yaxınlarda keçiriləcək İqtisadi Forum, iki qardaş ölkə arasında parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsi, habelə mədəni-humanitar sahədə tədbirlər barədə ətraflı bəhs etdi. 
Səfir  Serjan Abdıkarimov beynəlxalq müstəvidə, dünya miqyasında tanınmış, nüfuzlu dini lider kimi dəyərləndirdiyi Şeyxülislam Allahşükür Paşazadəyə Qazaxıstanda mütəmadi keçirilən Dünya dinləri və ənənəvi dinlərin liderlərinin Qurultayının Katibliyinin 6 oktyabr tarixində keçiriləcək IX iclasına dəvət məktubunu təqdim etdi. Qurultayların daimi iştirakçısı olmuş, Katibliyin üzvü olan QMİ sədri dəvəti qəbul etdi və dünya miqyasında nüfuzlu şəxslərin qatılacağı toplantıda iştirak niyyətini bildirdi. Dinlərarası dialoq müstəvisində qarşıdakı irimiqyaslı forum və görüşləri barədə danışan Şeyxülislam A. Paşazadə həm Azərbaycan, həm də Qazaxıstanın avanqard rolunu, dinlər, sivilizasiyalararası dialoq və əməkdaşlıq müstəvisinə dövlətlərimizin qlobal səviyyədə verdiyi böyük töhfələri yüksək dəyərləndirdi. 
Görüş zamanı pandemiya, Orta Asiya, Cənubi Qafqaz regionlarında və dünyada baş verən mühüm hadisələr barədə fikir mübadiləsi oldu.    
QMİ-nin Mətbuat Xidməti 
 
 
 
 
 
 
 

Oxunub : 3606