Şeyxülislam həzrətləri Türkiyə Cümhuriyyətinin Azərbaycandakı yeni səfirini qəbul etdi

18.05.2021
 
         Mayın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağçını qəbul edib.
Səfiri səmimi salamlayan QMİ sədri A. Paşazadə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin yüksək səviyyəsini, dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun inkişafını məmnuniyyətlə qeyd etdi. O, ölkəmizə yeni təyin olunmuş Türkiyə səfirinin bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə, mövcud körpülərin daha da möhkəmləndirilməsi üçün səy göstərəcəyinə ümidvar olduğunu bildirdi və cənab səfirə fəaliyyətinə xeyir-dualar dilədi.
Zati-aliləri cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərini «Bir millət-iki dövlət» kimi dəyərləndirməsinə uyğun şəkildə uğurla inkişaf etdirməsindən qürur duyduğunu bildirən Şeyxülislam A. Paşazadə qardaş ölkə olan Türkiyənin böyükelçisini təkcə diplomat deyil, məhz qardaş qismində qəbul etdiyini xüsusi qeyd etdi. QMİ sədri cənab səfirin Azərbaycanın şanlı Vətən müharibəsində qazandığı Zəfər dövründə qardaş Türkiyə dövlətinin Azərbaycanda təmsilçisi olmaq şərəfinə malik olmasını böyük nemət kimi dəyərləndirdi. Türkiyə-Azərbaycan arasında dini-mənəvi əlaqələrin hər zaman yüksək səviyyədə olduğundan fəxarət  duyduğunu bildirən Şeyxülislam A. Paşazadə, bizi istəməyən qüvvələrə qarşı mütəşəkkil olmağın vacibliyinə diqqəti çəkdi.
            Qardaş Türkiyə dövlətinin şanlı Vətən müharibəsi dövründə Azərbaycana mənəvi dəstəyini və qardaş həmrəyliyini yüksək dəyərləndirən QMİ sədri A. Paşazadə Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, mədəni və dini-mənəvi əlaqələrin önəm kəsb etdiyini və davamlı inkişaf etdirilməsinin vacib olduğuna diqqəti çəkdi. Qafqaz Müsəlmanları İdarəsi ilə Türkiyə Diyanət Başkanlığı arasında dini-mənəvi əməkdaşlığın səviyyəsindən razılığını bildirən Şeyxülislam A. Paşazadə Müfti dr. Əli Erbaşla olan qardaşlıq münasibətlərini, birgə səylərini yüksək qiymətləndirdi.
Cənab C.Bağçı qəbula görə minnətdarlıq edib, qardaş Azərbaycan dövlətində səfir kimi fəaliyyətə başlamasından dərin məmnunluğunu dilə gətirərək,  bu günədək mötəbər beynəlxalq tədbirlərdən tanıdığı nüfuzlu dini lider olan Şeyxülislam Allahşükür Paşazadə ilə şəxsən görüşünə böyük dəyər verdiyini xüsusi vurğuladı. O, Türkiyə dövlətinin hər zamankı kimi  bundan sonra da qardaş Azərbaycanla bütün müstəvilərdə və platformalarda bir yerdə olacağına əminliyini ifadə etdi. Zəfərdən sonra Türkiyənin Azərbaycan dövləti ilə koordinasiyada Qarabağda gedən bərpa-quruculuq işlərində iştirak niyyəti barədə danışan səfir dağıdılmış dini-mənəvi abidələri də ehtiva edəcəyini xüsusu vurğuladı. Səfirin Qüds məsələsinə dair müsəlman dünyasının narahatlığını qeyd etməsi ilə bağlı Şeyxülislam A. Paşazadə Qurani-Kərimdə zikr olunan Qüdsü-Şərifin İslam aləmi üçün müqəddəslik kəsb etdiyini və müqəddəsliklərə münasibətin dəyişməz olduğunu xüsusi vurğuladı.
Şeyxülislam A. Paşazadə cənab səfirə qarşıdakı fəaliyyətində uğurlar dilədi,  xalqlarımız, dövlətlərimiz üçün yeni uğurlara vəsilə olması üçün dualar etdi, ən xoş arzularını bildirdi. 
 
QMİ-nin Mətbuat Xidməti
 
 
 
 
Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 6122