Şeyx daha bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunacaq

27.01.2021
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 27 yanvar tarixində İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi cənab Məhəmməd Əbdül Salamla video formatda görüş keçirdi. Görüşün təşəbbüskarı olan Baş katib Şeyxülislam həzrətləri ilə bilavasitə tanış olmaq, daimi əlaqənin bünövrəsini qurmaq, habelə İnsan Qardaşlığı Ali Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın mümkün aspektləri barədə söhbət açmaq niyyətini bildirmişdi.
Səmimi qardaşlıq şəraitində keçən görüş zamanı cənab Məhəmməd Əbdül Salam Şeyxülislam A. Paşazadənin  dinlər və sivilizasiyalar arası əməkdaşlıq sahəsində dərin təcrübə və əlaqələri, dünya miqyasında nüfuz və etimadı barədə geniş məlumata malik olduğunu bildirdi və rəhbərlik etdiyi qurumun Azərbaycanla fəaliyyət qurmaq istəyini açıqladı.
Cənab Məhəmməd Əbdül Salam məlumat verdi ki,  Roma Papası Fransisk və Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib arasında imzalanan İnsan Qardaşlığı Sənədi  əsasında yaradılmış İnsan Qardaşlığı Ali Komitəsinə dünyada tanınan dini lider, alim və mədəniyyət xadimləri daxildir. Ali Komitə üzvlərinin miqyasını   genişləndirmək istəyində olduqlarını bildirən Baş katib qurumlarının may ayında baş tutacaq növbəti iclasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin namizədliyinin müzakirə və təsdiq olunması barədə niyyətlərini açıqladı. Cənab Məhəmməd Əbdül Salam vurğuladı ki, Ali Komitə İnsan Qardaşlığı Sənədində göstərilən məqsədləri daimi əsaslarla fəaliyyət göstərərək yerinə yetirmək üçün yaradılıb və məramı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və birgə dinc yaşayış dəyərlərini təşviq, təbliğ etməkdir.
İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi cənab Məhəmməd Əbdül Salamı salamlayan QMİ sədri xüsusi vurğuladı ki, Azərbaycan İnsan Qardaşlığı Ali Komitəsinin ideyalarını özündə yaşadan, tolerant, multikultural ənənələr ölkəsidir. O bildirdi ki, Azərbaycan dövləti ölkə prezidenti və Birinci vitse-prezident səviyyəsində dəstəklənən təşəbbüslər, qlobal əhəmiyyətli səylər sayəsində dinlərarası dialoq və əməkdaşlıq sahəsinə böyük töhfələr verir, dünyada insan həmrəyliyinə real dəstək verən layihə və təşəbbüslərdə fəal iştirak edir.  Dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi olaraq bu müstəvidə çoxşaxəli fəaliyyət göstərir və QMİ nəzdində bu məramla 2017-ci ildə Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi təsis olunmuşdur. Mərkəzin Himayədarlar və Məşvərət Şuralarında xeyli sayda dünyaca tanınmış şəxsiyyətlər – dini lider və ictimai xadimlərin yer aldığını bildirən Şeyxülislam A.Paşazadə Vatikan, habelə Əl-Əzhər yetkililərinin bu sırada olmalarından məmnun olduğunu qeyd etdi.
QMİ sədri Abu-Dabidə İnsan Qardaşlığı Sənədinin imzalanması mərasimində şəxsən iştirak etdiyini fəxarətlə xatırladaraq, bu sənəddən irəli gələn fəaliyyətlərdə, orada əksini tapan ideyaların təbliği və təşviqində iştirak etməyin böyük önəm daşıdığını bildirdi. Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayan Şeyxülislam A. Paşazadə Dubay əmiri Şeyx Zahidlə olan görüşlərini məmnunluqla xatırladı . QMİ sədri pandemiya dövrü bitəndən sonra Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyib və Baş Katib cənab Salamı Azərbaycanda görməkdən şərəf duyacağını bildirdi. Bu dəyərli şəxsiyyətlərin Azərbaycanın erməni işğalından azad edilmiş Qarabağ torpaqlarını ziyarət etmələrinin vacibliyinə diqqəti çəkən Şeyxülislam A.Paşazadə Azərbaycanın apardığı Vətən müharibəsi dövründə Əl-Əzhərə ünvanlandığı məktublarda bu haqlı, ədalətli mücadilə barədə, habelə işğalda olan ərazilərimizdə törədilmiş etməni vandallığının miqyas və detallarına dair ətraflı məlumat verdiyini xatırlatdı və Azərbaycana dəstək nümayişinə, qazandığımız tarixi Zəfər münasibətilə təbriklərə  görə təşəkkürünü ifadə etdi.
Cənab Salam QMİ sədrinin dünya miqyasında insan qardaşlığına xidmət edən uzun müddətli, dəyərli fəaliyyətinə görə dərin minnətdarlığını bildirdi. O, BMT-nin İnsan Qardaşlığı Sənədinin imzalanması ilə əlaqədar təsis etdiyi 4 fevral – Beynəlxalq İnsan həmrəyliyi günü keçiriləcək videokonfransda iştirak və müraciət etməsini QMİ sədrindən xahiş etdi. Şeyxülislam A. Paşazadə xahişi müsbət qarşıladı və İnsan Qardaşlığı Ali Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında gələcək əməkdaşlığın daha yüksək səviyyədə inkişafı üçün səy göstərəcəyini bildirdi.
 
QMİ-nin Mətbuat Xidməti
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 5156