05 DEKABR 2024
QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ QAZILAR ŞURASININ RAMAZAN AYI İLƏ BAĞLI FƏTVASI
Bismillahir-rəhmanir-rəhim!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası əvvəli rəhmət, ortası məğfirət, sonu isə Cənnət müjdəsi olan mübarək Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarını təbrik edir, ibadətlərimizin, dualarımızın Allah dərgahında qəbul olunmasını diləyir və bildirir:
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaqdır. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.
Qurani-Kərimin nazil edildiyi Qədr gecələrinin olduğu, günahların silindiyi və savabların ikiqat artdığı Ramazan ayında oruc tutmaq Uca Yaradan tərəfindən bütün müsəlmanlara vacib edilmişdir. Bəşərin hidayət rəhbəri olan müqəddəs Kitabımızda bu İlahi əmr barədə belə buyurulur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar”(“Bəqərə”, 185).
Orucun fəzilətlərindən bəhs edən Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Oruc (insanı) Cəhənnəm odundan qoruyan bir qalxandır”.
Oruc ibadəti mənəvi saflığa, tibbi cəhətdən sağlam olmağa, pis vərdişlərdən uzaq durmağa və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur. İlahi dərgaha edilən həmd-sənanın açarı olan orucun sayəsində insan aclığa, susuzluğa tab gətirərək nəfsani istəklərinə qalib gəlir.
Oruc səbrin və mənəviyyatın imtahanı, xeyirxah niyyətlərin ən uyğun formasıdır. Bu ayda uşaq evlərinə, ehtiyacı olanlara, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək Qadir Allahın nəzərində bəyənilən əməllərdəndir. İlahi rəhmətin bol olduğu Ramazani-şərifdə ən böyük savab Qurani-Kərimi tilavət etmək, qohum-əqrəbaya baş çəkmək, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.
Qafqaz Müsəlmanları İdarəsi hər il olduğu kimi, bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayının başlanğıcı, namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib etmişdir. Qazılar Şurası və Elmi-Dini Şura bildirir ki, digər mənbələrdən əldə edilən, təxribat və təfriqə xarakteri daşıyan, habelə məzhəb və vaxt ayrıseçkiliyi yaradan təqvimlərin dindarlar tərəfindən istifadəsi yolverilməzdir, din xadimləri belə halların qarşını almağa məsuldurlar. Ümid edirik ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətlərinin müvafiq qurumları da bu məsələdə bizə kömək edəcək, məhz QMİ-nin tərtib etdiyi təqvimin kütləvi informasiya vasitələri və sosial mediada təbliğinə, yayılmasına nəzarət edəcəklər.
İnşallah, Eydül-Fitr – Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edəcəkdir. Xalqımız tərəfindən hər il böyük çoşqu ilə keçirilən Ramazan bayramı, eyni zamanda dövlət səviyyəsində və qeyri-rəsmi iş günü kimi qeyd olunur. Bu, dövlətimizin, habelə dövlət başçımızın milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan dini dəyərlərimizə hörmət və ehtiramının, diqqət və qayğısının təzahürüdür, dövlət-din münasibətlərinin bariz nümunəsidir və ölkə dindarları tərəfindən rəğbətlə qarşılanır
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyaclı ailələrə verməyə mükəlləfdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adam başına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xatırladır ki, mübarək Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək müqəddəs dinimizə görə böyük günahlardandır və xəbərdarlığımızı nəzərə almayanlar barəsində ciddi tədbirlər görüləcəkdir. Qazılar Şurası tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxslərlə yanaşı, Vətənimiz və torpaqlarımız naminə canlarından keçən şəhidlərimizin də xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilsin.
Duaların qəbula yetdiyi Ramazan ayında müasir və müstəqil Azərbaycanımızın banisi Ümummilli Lider Heydər Əliyevi rəhmətlə yad edir, dövlətçiliyimizin möhkəmlənməsi, millətimizin rifahı naminə böyük işlər görən və xalqımızın dəstəyi ilə yenidən Respublika Prezidenti seçilən cənab İlham Əliyevə Allah-Təaladan xeyir-dualar diləyirik. Qadir Allah dünyada və ölkəmizdə sülhü və əmin-amanlığı bərqərar eləsin, vətənimiz Azərbaycana xoşbəxt və firavan gələcək nəsib etsin, gələn ilin zəfər dolu və qələbə müjdəli Ramazan bayramını doğma Qarabağımızda qeyd etmək sevincini xalqımıza yaşatsın! Allah oruc və namazlarınızı qəbul etsin! Amin!
Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh
Bakı şəhəri, 15 may, 2018-ci il
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.
#ramazan #fətva #orucluq
Oxunub : 12502