İmam Əli ən-Nəqi (ə) və İmam Həsən Əskərinin (ə) məqbərə kompleksi – Samərra, İraq

İraqın Samərra şəhəri bir zamanlar Abbasilər xilafətinin paytaxtı olmuşdur. Bu şəhər Dəclə çayının sahilində yerləşir və hazırda Səlahəddin vilayətinin inzibati mərkəzidir.
Samərra şəhərinin təməli 892-ci ildə Bağdad şəhərindən 120 km şimalda qoyulmuşdur. Burada iki Əhli-Beyt İmamının (ə) – İmam Əli ən-Nəqi (ə) və İmam Həsən Əskərinin (ə) məqbərə kompleksi yerləşir.
Qeyd edək ki, uzun illər ərəb işğalı və xilafət zülmünə qarşı mübarizə aparmış Azərbaycan xalqının qəhrəman övladı Babək məhz bu şəhərdə edam olunub.
İmam Əli ən-Nəqi (ə)
İmam Əli ən-Nəqi (ə) On iki Əhli-Beyt (ə) İmamının onuncusudur. O Həzrət (ə) Miladi təqvimlə 829-cu ildə Mədinə şəhərinin Sərya adlı məntəqəsində dünyaya gəlib və 868-ci ildə, 39 yaşında Samərra şəhərində şəhid edilib.
İmam Əli ən-Nəqi (ə) aşağıdakı Abbasi xəlifələrinin müasiri olmuşdur: Məmunun qardaşı Mötəsim, Mötəsimin oğlu Vasiq, Vasiqin qardaşı Mütəvəkkil, Mütəvəkkilin oğlu Müntəsir, Müntəsirin əmisi oğlu Müstəin və Mütəvəkkilin digər oğlu Mötəzz.
İmam Əli ən-Nəqi (ə) xilafət tərəfindən ciddi nəzarət altına alınmış, buna görə də fəaliyyətini gizli şəkildə aparmaq məcburiyyətində qalmışdır. Bütün bu çətinliklərə rəğmən, İmamın (ə) əhali arasında böyük nüfuza sahib olmasını xilafət həzm edə bilmirdi. Nəhayət, İmamı (ə) qətlə yetirmək fikrinə düşdülər. Beləliklə, o Həzrət (ə) xəlifə Mötəzzin hakimiyyəti dövründə zəhərlənərək şəhid edildi və Samərra şəhərində öz evində dəfn edildi.
İmam Həsən Əskəri (ə)
İmam Həsən Əskəri (ə) On iki Əhli-Beyt (ə) İmamının on birincisidir. O Həzrət (ə) Miladi təqvimlə 846-cı ildə Mədinə şəhərində doğulmuş və 874-cü ildə, 28 yaşında Samərrada şəhid olmuşdur.
İmam Həsən Əskəri (ə) əl-Mötəzz Billah, əl-Muhtədi Billah və əl-Mühtəmid adlı xəlifələrin müasiri olmuşdur. O Həzrət (ə) də xilafətin təzyiqləri ilə üzləşmiş və Abbasilərin hökumət mərkəzi olan Samərrada yaşamaq məcburiyyətində qalmışdır. İmam (ə) 874-cü ildə elə orada şəhid edilmiş və torpağa tapşırılmışdır.

Oxunub : 1741