Əbdülqadir Gilaninin məqbərə kompleksi – Bağdad, İraq

Qədim tarixə malik olan Bağdad şəhəri bir çox görkəmli şəxslər yetişdirmiş, həmçinin bir çoxunun da son mənzili olmuşdur. Burada dəfn edilən görkəmli şəxsiyyətlərdən biri də Əbdülqadir Gilanidir. Böyük alimin məzarı üzərində məqbərə kompleksi ucaldılmış, ora əsrlərdən bəri onu sevənlərin ziyarət məkanına çevrilmişdir.
Əbdülqadir bin Saleh Cəngidust Gilani 1077-ci ildə İranın Gilan vilayətində dünyaya göz açıb. Bəzi mənbələrdə Gilaninin ata tərəfdən Həzrəti İmam Həsən (ə), bəzilərində isə Həzrəti İmam Huseynin (ə) nəslindən olduğu göstərilir. Ana tərəfindən isə nəsil şəcərəsinin Həzrəti İmam Muhəmməd Təqiyə (ə) gedib çatdığı bildirilir.
Hər halda, Əbdülqadir Gilaninin Həzrəti Muhəmməd peyğəmbərin (s) nəslindən olduğu bəlli olur.
Elmə olan sonsuz məhbbəti nəticəsində on səkkiz yaşında o zamanlar bölgənin elm ocaqlarından sayılan Bağdad şəhərinə gəlib, buradakı alimlərdən dərs alaraq hədis, fiqh və təsəvvüf elmlərini öyrənməyə başlayıb. O, ərəb dili qrammatikası və ədəbiyyatını Əbu Zəkəriyyə Təbrizidən, hədis elmini Əbubəkr Muhəmməd bin Əhməd, Əbdülqasim Əli bin Əhməd bin Bəyan və Əbu Talib bin Yusifdən, fiqh elmini Əli bin Əbu Səid Müxrəmidən, təriqət fənlərini isə Əhməd (yaxud Həmmad) Dəbbasdan öyrənir. Bir müddət sonra mənimsədiyi elmlərdən faydalanaraq, xütbələr söyləməyə və tədrislə məşğul olmağa başlayır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əbdülqadir Gilani dərs və xütbələrini öz ustadı olmuş Əbu Səid Müxrəminin mədrəsəsində deyirdi. Lakin gələnlərin sayı çox olduğundan mədrəsəyə sığmırdılar və ətraf küçələr də dolurdu. Bu səbəbdən, bağdadlıların təşəbbüsü ilə mədrəsə ətrafındakı evlər mədrəsəyə birləşdirilərək mədrəsənin sahəsi genişlədildi.
Əbdülqədir Gilani bir müddət tədrislə məşğul olduqdan sonra dərs verməyi buraxdı. Bəzi mənbələrə görə, alim ömrünün 11 ilini təkliyə çəkilərək Allaha ibadət etməklə keçirib. Onun uzun müddət Bağdadın Kərh xarabalıqlarında yaşadığı, bütün vaxtını ibadət, rizayət ilə məşqul olmağa, nəfsinin arzu və istəkləri ilə mücahədə etməklə keçirdiyi bildirilir.
Özü bu haqda bunları yazır: “İraqın səhra və xarabalarında 25 il insanlardan uzaq qaldım. Mənim kimsədən, kimsənin məndən xəbəri yox idi. Bəzən uzun müddət yeməzdim və “Acam! Acam!” deyə mədəmin fəryadını eşidərdim. Bəzən üzərimə ağırlıqlar gəlirdi. Belə vəziyyətdə “İnşirah” surəsinin beşinci və altıncı ayələrini oxuyardım - “Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)!” - və üzərimdəki ağırlıqlar dağılıb, gedərdi”.
Dini etiqad baxımından Əşəriliyə bağlı olan Gilani, fiqhdə hənbəli məzhəbindən olmuşdur. Amma verdiyi fətvalar əsas etibarilə iki məzhəbin – hənbəlilik və şafiiliyin əsasında olmuşdur.
Gilani öz ardıcıllarını fəlsəfədən uzaq olmağa və sırf mənəvi təlimlər əsasında maariflənməyə sövq edirdi. Amma bir çox sufilərdən fərqli olaraq, təriqəti şəriətdən ayrı görmürdü və hər bir təsəvvüf əhlinin təriqət qaydalarına əməl etdiyi kimi, şəriət qaydalarına da ciddi əməl etməsini tələb edirdi.
Qadiriyyə təriqətinin banisi olan bu görkəmli alim 1165-ci ildə Bağdadda tədrislə məşqul olduğu mədrəsədə dünyasını dəyişmiş, elə orada da dəfn edilmişdir. Arifin qəbri onun müridləri və mənəvi ardıcıllarının ziyarət məkanına çevrilmişdir.

Oxunub : 2286