Prezident İlham Əliyev cənabları

 
Şeyxülislam Allahşükür Paşazadə təkcə Azərbaycanda və ümumən Qafqazda deyil, bütün beynəlxalq aləmdə geniş tanınan, çağdaş dünyamızın nüfuzlu din xadimləri və dövlət adamları tərəfindən ehtiramla qəbul edilən, böyük hörmətə və nüfuza sahib olan şəxsiyyətdir.
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
 
Şeyx həzrətlərinin ölkə daxilindəki və beynəlxalq müstəvidəki fəaliyyəti çox uğurludur, çox qiymətlidir. Mən Şeyx həzrətlərinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bu fəaliyyəti qiymətləndirərək, iki gün əvvəl Şeyx həzrətlərini Azərbaycan dövlətinin yüksək mükafatı olan “Şərəf” ordeni ilə təltif etmişəm. Şeyx həzrətləri həm ölkə daxilində, həm də beynəlxalq aləmdə çox böyük nüfuza malik olan şəxsiyyətdir. Mən bunu yaxından bilən adam kimi tam qətiyyətlə deyə bilərəm. Müxtəlif dövlət başçıları ilə aparılan söhbətlərimdə hər zaman Şeyx həzrətləri haqqında qarşı tərəfdən səslənən müsbət fikirlər məni çox sevindiribdir. Bu, Şeyx həzrətlərinin insani xüsusiyyətləridir, onun qabiliyyətidir, onun Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə nə qədər sadiq olduğunun bariz nümunəsidir. Eyni zamanda, bu, ölkəmiz üçün də böyük töhfədir. Çünki sirr deyil ki, dinlərarası münasibətlərdə Şeyx həzrətlərinin böyük rolu vardır. O, böyük hörmətə malikdir və istər müsəlman ölkələrinə, istər başqa ölkələrə səfər edərkən bir çox hallarda Şeyx həzrətləri haqqında söhbət açılır və mən ona, sözün əsl mənasında, böyük rəğbəti görürəm.
 
Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Müqəddəs
Ramazan bayramı münasibətilə açdığı iftar süfrəsindəki nitqindən
28 avqust 2009-cu il
 
 
Şeyx həzrətləri otuz ildir ki, bu böyük vəzifədə Azərbaycan naminə çalışır, həm Sovet İttifaqı zamanında, həm müstəqil Azərbaycanda. Əlbəttə ki, bu dövrlərin arasında çox böyük fərq vardır. Amma buna baxmayaraq, Şeyx həzrətləri, hətta çox çətin ideoloji çərçivələr içində həmişə öz ədalətli sözünü demişdir. Ölkəmiz üçün ən çətin anlarda o, birinci sıralarda idi. Müstəqilliyimizin ərəfəsində Azərbaycanda yaşanan çox ağır hadisələr zamanı Şeyx həzrətlərinin müdrik sözü, onun vətəndaş mövqeyi Azərbaycanı daha da böyük bəlalardan qurtara bilmişdir.
... Şeyx həzrətləri, eyni zamanda, Azərbaycan xalqının Ümummilli Lideri, mənim atam Heydər Əliyevlə də çox yaxın dostluq əlaqələri saxlamışdır. Bu səmimi dostluq münasibətləri Azərbaycanda dini məsələlərin düzgün istiqamətdə həlli üçün çox mühüm rol oynamışdır.
Mən həmişə deyirdim ki, bu şəxsi dostluq ölkəmiz üçün, ölkə əhalisi üçün də çox vacibdir. Mən çox şadam ki, Azərbaycanda bu gözəl ənənələr hər sahədə olduğu kimi, bu sahədə də davam edir. Bu gün mənimlə hörmətli Şeyx həzrətləri arasında münasibətlər çox səmimidir, dostluq münasibətləridir. Biz bu dostluqdan çox məmnunuq. Bu dostluq həm bizim üçün, həm də, eyni zamanda, ölkəmiz üçün lazımdır.
 
Prezident İlham Əliyevin “dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə
əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransdakı nitqindən
6 noyabr 2009-cu il
 
 
Şeyx həzrətləri öz fəaliyyəti ilə Azərbaycanın haqq işinin dünya birliyinə çatdırılmasında mühüm işlər görür. Onun beynəlxalq səviyyədəki nüfuzu və ona olan hörmət Azərbaycanı gücləndirir. Şeyx həzrətlərinin təşəbbüsü ilə keçirilmiş gözəl beynəlxalq tədbirlər bunun əyani sübutudur. Həm dünya dini rəhbərləri, eyni zamanda, böyük dövlətlərin başçıları ilə görüşlərdə Şeyx həzrətləri haqqında xoş sözlər eşidəndə çox sevinirəm. Bu, ədalətli qiymətdir və mən çox şadam ki, nəinki Azərbaycanda, Azərbaycandan kənarda da Şeyx həzrətlərini tanıyırlar, ona hörmət edirlər, həm bizim bölgədə, həm Qafqaz bölgəsində, eyni zamanda, qonşuluqda və dünya miqyasında.
Prezident İlham Əliyevin Qafqaz müsəlmanları idarəsinin sədri
Şeyxülislam Hacı Allahşükür Paşazadənin Müqəddəs ramazan
bayramı münasibətilə açdığı iftar süfrəsindəki nitqindən
6 sentyabr 2010-cu il
 
Mən bu gün bu gözəl gündə Şeyx həzrətlərinin fəaliyyətini bir daha qeyd etmək istəyirəm. Şeyx həzrətləri böyük təcrübəyə malik olan həm din xadimidir, həm ictimai xadimdir, həm dünyada böyük nüfuza malik olan şəxsiyyətdir. Hazırda Qafqazı narahat edən problemlərin həlli üçün Şeyx həzrətlərinin fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. O, dəfələrlə Qafqaz respublikalarına səfər edib. Şimali Qafqaz respublikalarında Şeyx həzrətlərinin çox böyük nüfuzu vardır. Ona digər ölkələrdə böyük hörmət vardır.
 
Prezident İlham Əliyevin
Əjdərbəy məscidinin əsaslı təmir və
yenidənqurmadan sonra açılışındakı nitqindən
22 dekabr 2011-ci il
 
Şeyx həzrətlərinin Azərbaycanda, Qafqazda çox böyük hörməti vardır. Mən Şimali Qafqaz respublikalarının müftiləri ilə vaxtaşırı görüşlər əsnasında bir daha görürəm ki, Şeyx həzrətlərinə nə qədər böyük inam və hörmət vardır. Şeyx həzrətləri nəinki Qafqazda, MDB məkanında tanınmış dini liderdir. Təsadüfi deyil ki, o, MDB Dinlərarası Əlaqələndirmə Şurasına həmsədrlik edir. Dünya miqyasında, bizim bölgədə Şeyx həzrətlərinin fəaliyyəti çox uğurludur və dövlətimizin maraqlarını təmin edir.
 
Prezident İlham Əliyevin Qafqaz müsəlmanları idarəsinin
sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Müqəddəs
ramazan bayramı münasibətilə açdığı iftar süfrəsindəki nitqindən
24 iyul 2013-cü il
 
 
Şeyx həzrətləri həm Azərbaycanda, Qafqazda, postsovet məkanında, həm də dünya miqyasında çox böyük nüfuza malik olan xadimdir. Mən bilirəm ki, şeyx həzrətlərinə dünya dini liderlərinin böyük hörməti var. Şeyx həzrətləri öz fəaliyyəti ilə ölkəmizin nüfuzunu beynəlxalq aləmdə gücləndirir, ölkəmizi təbliğ edir, Azərbaycanı müasir, öz dini, milli köklərinə bağlı olan, ancaq, eyni zamanda, tolerant, dünyaya açıq ölkə kimi təqdim edir. “İslam Həmrəyliyi İli” çərçivəsində həm ölkə daxilində, həm xaricdə şeyx həzrətlərinin rəhbərliyi ilə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Bu, bir daha Azərbaycanı dünyaya inkişaf edən, müasir və dinamik ölkə kimi təqdim edəcək.
Bizim şeyx həzrətləri ilə şəxsi dostluq münasibətlərimiz var. Bu münasibətlər həm bizim üçün, həm də ölkə üçün önəmlidir. Biz nümunə və yol göstəririk ki, dövlət-din münasibətləri necə qurulmalıdır. Bu sahədə əldə edilmiş nailiyyətlərə görə Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər.
 
Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs
Ramazan ayı münasibətilə iftar mərasimindəki nitqindən
20 iyun 2017-ci il

Oxunub : 2399