“Bu münaqişə Qafqazda sülhə və sabitliyə təhlükədir”

23.102020
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dini liderlərə, beynəlxalq qurumlara Ermənistan-Azərbaycan cəbhəsində baş verənlər, dinc əhalimizə, məscid və qəbiristanlıqlarımıza qarşı təcavüzkar ordu tərəfindən edilən insanlığa sığmayan hərəkətlər barədə müraciətləri böyük maraqla qarşılanıb.
 
Dünyanın müxtəlif ölkələrində yaşayan nüfuzlu din xadimləri, beynəlxalq təşkilatların rəhbərləri Şeyxülislam həzrətlərinə göndərdikləri cavab məktublarında Azərbaycan dövlətinin və xalqının ərazi bütövlüyünün bərpası istiqamətində atdığı qətiyyətli mövqeyini dəstəklədiklərini, haqq işi uğrunda mübarizənin qələbə ilə başa çatacağına inandıqlarını bir daha bəyan edirlər.
 
 
 
Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının Müftisi Hacımurad Qatsalov QMİ sədrinin ünvanına cavab məktubu yazıb. Sənəddə Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən narahatlıq ifadə olunur:
 
“Qafqaz Müsəlmanları İdarəsinin və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə
 
Osetiya xalqı və şəxsən öz adımdan Sizi səmimi salamlayıram.
 
Baş verən son hadisələri, evlərin, kənd və qəsəbələrin döyüş meydanına çevrilməsini böyük həyəcanla izləyirik. Dinc əhalinin həlak olması, evlərin dağıdılması, məscid və məbədlərə qarşı vandalizm hallarının baş verməsi mənəviyyatı olan hər bir insanda hiddət doğurur. İnanclı insanlar başqa dinlərə məxsus abidələrə qarşı törədilən dözümsüzlüyə və ekstremizmə biganə qala bilməzlər.
 
Şeyxülislam həzrətləri, göndərdiyiniz məktubu ürəkağrısı ilə oxudum. Siz nüfuzlu dini lider və sülhməramlı bir insan kimi müxtəlif ölkələrdəki müharibə zonalarında hər zaman dinc əhaliyə yardım etməyə çalışırsınız. Çünki inanclı insan olaraq Uca Yaradanın qarşısındakı məsuliyyəti yaxşı dərk edirsiniz.
 
Sizinlə tam razıyam, Ermənistan-Azərbaycan münaqişəsi bütün Qafqazda sülhə və sabitliyə böyük təhlükədir.
 
Məktubunuzu aldıqdan sonra “Bizim Osetiya” İctimai Hərəkatı ətrafında birləşən bütün milli-mədəni mərkəzlərin nümayəndələri ilə toplantı keçirərək Osetiya xalqına müraciət qəbul etdik. Bu gün Azərbaycanda baş verənlər barədə Şimali Osetiya dindarlarını müntəzəm məlumatlandırır, münaqişənin kökləri və səbəbləri haqqında söhbətlər aparırıq. Uca Yaradana dualar edirik ki, bu münaqişə tezliklə və ədalətli nəticə ilə başa çatsın.
 
Hörmət və ən xoş arzularla,
 
Hacımurad Qatsalov      
 
Rusiya Federasiyası Şimali Osetiya-Alaniya
 
 
Respublikasının Müftisi
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Bu münaqişə Qafqazda sülhə və sabitliyə təhlükədir”

Oxunub : 1919