QMİ-nə dəstək məktubları gəlir.  

 
 15.10.2020
Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin dünyanın nüfuzlu dövlət və din xadimlərinə ünvanlandığı müraciətlərə cavab məktubları gəlməkdədir.
ABŞ-da yerləşən Beynəlxalq Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayer yazır:
“Böyük rəğbət bəslədiyim Şeyxülislam Allahşükür Paşazadə həzrətləri,
Regionda baş verən konflikt mənə dərindən təsir etdi. Mən dinlərarası birgə yaşayışın paradiqması, müsəlman-yəhudi əlaqələrinin dünya miqyasında örnəyi olan Azərbaycan Respublikasına öz tam və daimi dəstəyimi ifadə edirəm. Münaqişəni dini icmalar arasında müharibə kimi qələmə vermək dəhşət verici yanlışdır, çünki aydındır ki bu, Azərbaycanın suverenliyinə açıq şəkildə məhəl qoymayaraq, BMT və digər beynəlxalq təşkilatların qətnamələrini inkar edərək edilmiş təcavüzkar bir hərəkətdir. Bu konfliktin sülh yolu ilə həll edilməsi və Qafqaz regionunda birgə yaşayış harmoniyasının bərpa olunması üçün ürəkdən dua edirəm. Hörmətlə, Ravvin Mark Şnayer”
Yenə ABŞ-da yerləşən nüfuzlu Simon Vizental Mərkəzinin rəhbəri Abraham Kuper QMİ sədrinə yazdığı  məktubunda deyir:
“Mənim əziz müəllimim və dostum Şeyxülislam həzrətləri,
Cari vəziyyətlə bağlı məni məlumatlandırdığınız üçün təşəkkür edirəm. Ölüm və dağıntılar, xüsusilə əziyyət çəkən dinc sakinlərin mənzərələri bizi ürəkdən sarsıtdı. Bildiyiniz kimi, mən Bakıya ilk dəfə Sovet İttifaqı zamanı, 1972-ci ildə, müsəlman, xristian və yəhudilərin dini hissləri böyük təzyiq altında ikən  gəlmişdim. Sonrakı illərdə Bakıya qayıdıb Azərbaycanın bütün dinlərin, o cümlədən, yəhudi dininin hüquqlarını və ləyaqətini necə bərpa etdiyini görmək mənim üçün şərəf oldu. Bu siyasətə görə biz daim təşəkkür borcluyuq. Əhalisinin 96%-i müsəlman xalqı olan Azərbaycan dinlərarası məsələlərdə dini liderlər üçün mayakdır, və biz dua edirik ki, düşmənçilik tezliklə aradan qaldırılsın və bütün tərəflər həm Azərbaycan, həm də Ermənistanın beynəlxalq müstəvidə tanınan sərhədlərini tanısın. Yeri gəlmişkən, nə vaxt ki Azərbaycan və Ermənistan sülhün bərpa edilməsi prosesinə dini liderləri cəlb etsələr, biz dinlərarası heyətlə hər iki tərəflə görüşmək üçün yola çıxmağa hazırıq.
Şeyx, Sizin illər bundan əvvəl xalqınızın kommunist rejimindən müstəqilliyə keçid dövrü zamanı müstəsna rolunuz mənə yaxşı məlumdur. Dua edirəm və əminəm ki, mən hələ Azərbaycan və Ermənistan arasında ədalət və qarşılıqlı ehtirama söykənən yeni eraya keçid dövrünün də şahidi olacağam. Hörmətlə, Ravvin Abraham Kuper”
 
 *Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1169