QMİ sədri Özbəkistan səfirini qəbul etdi

 
13.03.2020
         Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə martın 13-də Özbəkistan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri cənab Şerzod Fayziyevi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etdi.
            Səmimi şəraitdə keçən görüş zamanı Şeyxülislam A. Paşazadə özbəkistanlı səfirin ölkəmizdəki fəaliyyətini yüksək dəyərləndirdi. Onun səfirlik dövrünün məhsuldar olduğunu, qardaş xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirən Şeyxülislam A. Paşazadə, səfir Ş.Fayziyevin mədəni-mənəvi münasibətlər müstəvisində fəaliyyətinin də hər zaman xoş xatırlanacağını bildirdi. Özbəkistanı ikinci vətəni kimi sevdiyini qeyd edən Şeyxülislam, bu ölkə ilə bağlı xoş təəssüratlarını, tələbəlik illəri ilə əlaqəli xatirələrini bölüşdü, Azərbaycan-Özbəkistan mənəvi əlaqələrinin inkişafına verdiyi önəmi ifadə etdi.
            QMİ sədri xüsusi vurğuladı ki, 2017-ci ildə  Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi Ili çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini işlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsi ilə birlikdə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirdiyi «İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında» mövzusunda Beynəlxalq Konfrans uğurlu əməkdaşlıq nümunəsi kimi tarixə həkk oldu.
              Səmimi qəbula görə dərin minnətdarlığını bildirən səfir Şirzod Feyziyev 8 il öncə Azərbaycana ilk gəlişində diplomat kimi birinci görüşünün məhz Şeyxülislamla olduğunu xüsusi diqqətə çatdıraraq, ölkəsinə dönüş ərəfəsində də ilk olaraq QMİ sədri ilə vida görüşünün baş tutmasını rəmzi kimi dəyərləndirdi. O bildirdi ki, Şeyxülislam A. Paşazadə Qafqaz müsəlmanlarının dini lideri kimi dünyanın hər yerində tanınan nüfuzlu şəxs olmaqla yanaşı, Özbəkistanda xüsusi ehtiramla qəbul edilən tanınmış, özbək xalqına doğma olan insandır. Özbək xalqının və dövlətinin Şeyxülislam A. Paşazadəyə özəl hörmət və məhəbbətlə yanaşdığını, Özbəkistanın dövlət başçısının ehtiramını bir daha dilə gətirməkdən məmnun olduğunu deyən səfir Özbəkistanda hər zaman QMİ sədrini görməyə şad olduqlarını bildirdi.
             Özbəkistanın dünya islam mədəni irsinə verdiyi böyük töhfələri xüsusi qeyd edən QMİ sədri, il ərzində Buxaranın İslam mədəniyyətinin paytaxtı seçilməsi, habelə Sivilizasiayalar mərkəzinin açılışı ilə bağlı Buxara, Səmərqənd, Daşkənddə keçiriləcək tədbirlərdə iştirak üçün dəvətlər aldığını və böyük məmnuniyyətlə onlarda iştirak etmək niyyətində olduğunu dedi.
           Səfirə gələcək fəaliyyətində uğurlar diləyən QMİ sədri ona xatirə hədiyyəsi təqdim etdi, birgə fotoşəkil çəkildi.
            
 
QMİ-nin Mətbuat Xidməti
 
  
 
 
 
 
 
 
 
 *Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1555