Şeyxülislam həzrətlərinə “Şərəf ödülü” təqdim edildi

 
30.01.2020
Yanvarın 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılığı ilə Azərbaycana səfərə gələn nümayəndə heyətini qəbul edib.
Akkan Suver Şeyxülislam həzrətlərilə yenidən görüşməkdən fəxr duyduğunu bildirib və  budəfəki səfərinin əlamətdar bir hadisə ilə bağlı olduğunu diqqətə çatdırıb: “Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasını sədri, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq məqamına seçilməsinin 40 illiyi bu yaxınlarda təntənəli şəkildə qeyd olundu. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi İdarə Heyətinin qərarı ilə Şeyxülislam həzrətləri “Şərəf ödülü” ilə təltif edilib”.  
QMİ sədrinin xidmətlərini yüksək qiymətləndirən qonaq onun təkcə Azərbaycan və Türkiyədə deyil, bütün dünyada böyük nüfuza malik dini lider adlandırıb: “Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk “Yurdda barış, Cahanda barış” şüarını irəli sürdü. Şeyxülislam həzrətləri uzun illər ərzində göstərdiyi xidmətlə bu şüara sadiqliyini hər zaman sübut edib, həm İslam aləmində, həm də bütün yer üzündə sülhün, sabitliyin, dinlərarası və sivilizasiyalararası dialoqun möhkəmlənməsinə çox mühüm töhfələr verib. İnanırıq ki, Şeyxülislam həzrətləri nüfuzlu dini lider kimi bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək inşallah”.
Akkan Suver başçılıq etdiyi qurumun “Şərəf ödülü”nü Şeyxülislam həzrətlərinə təqdim edib və bu ilin aprelində İstanbulda keçiriləcək XXIII Avrasiya İqtisadi Forumuna dəvət məktubunu QMİ sədrinə çatdırıb.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək Şeyxülislam Allahşükür Paşazadənin iki dövlət arasında münasibətlərin hərtərəfli inkişafında böyük xidmətlər göstərdiyini diqqətə çatdırıb. Şamil Ayrım Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi ilə bağlı TBMM-nin təsis etdiyi xatirə medalını QMİ sədrinə təqdim edib.
QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə təltiflərə və xoş sözlərə görə qonaqlara təşəkkürlərini bildirib: “Türkiyəli dostları yenidən ölkəmizdə salamlamaqdan məmnunam. Ümummilli Liderimiz Heydər Əliyevin sözləri ilə desək, biz bir millət, iki dövlətik. Hər zaman olduğu kimi bu gün də bir-birimizin sevincinə sevinir, kədərinə şərik oluruq. Xalqlarımız və dövlət rəhbərləri arasındakı qardaşlıq münasibətləri yüksək səviyyədədir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın mənim yubileyimə və Dünya Dini Liderlərinin II Bakı Zirvə Toplantısına təbrik məktubu ünvanlaması, tədbirə geniş heyətlə rəsmi nümayəndə heyəti göndərməsi məni sevindirdi. Bu, təkcə mənə deyil, xalqıma, dövlətimə verilən dəyərdir. Qarşılıqlı münasibətlərin davamlı inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəm”.
Şeyxülislam həzrətləri qonaqlara xatirə hədiyyələri təqdim edib. Sonda ziyafət verilib.
Görüşdə Milli Məclisin üzvləri Eldar İbrahimov, Cavanşir Paşazadə, Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev iştirak ediblər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  *Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 365