QMİ-də qəbul

 
24.10.2019
Oktyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə iştirak etmək məqsədilə rəsmi səfərdə olan İraq Respublikasının xarici işlər naziri cənab Məhəmməd Əli Əl-Həkimi qəbul edib.
İraq nazirini səmimi salamlayan QMİ sədri Azərbaycanla İraq arasında tarixən formalaşmış mədəni-mənəvi əlaqələrin bugünkü səviyyəsindən, iki ölkə arasında, xüsusilə də Azərbaycan və İraq dövlət başçıları arasında mövcud olan səmimi dostluq və əməkdaşlıq əlaqələrindən öz məmnunluğunu ifadə etdi. Azərbaycan dövlətinin son dövr ərzində dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq sahəsində aparıcı təşəbbüslər və ideyalar mərkəzi kimi tanındığını vurğulayaraq cari ilin noyabr ayında Bakıda keçiriləcək Dünya dini liderlərinin II Bakı sammiti barədə geniş məlumat verdi.
Cənab Əl-Həkim Şeyxülislam A. Paşazadəyə onu qəbul etdiyi üçün təşəkkür edərək Azərbaycana səfər etməsindən, burada təkçə hökümət rəsmiləri ilə deyil, eləcə də bütün Qafqazın dini lideri ilə görüşmək fürsətinin olduğundan çox məmnun olduğunu dilə gətirdi. İraqlı qonaq Dünya dini liderlərinin Bakı sammitinə ölkəsinin görkəmli din xadimlərinin dəvət olunmasına görə Şeyxülislam həzrətlərinə xüsusi təşəkkürünü bildirdi.
         Görüşün rəsmi hissəsindən sonra QMİ sədri qonaq heyəti nahara dəvət etdi. Sonra tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etdilər.
Görüşdə İraq tərəfindən Xarici işlər nazirinin müavini Əbdülkərim Haşim, İraqın ölkəmizdəki müvəqqəti işlər vəkili cənab Fazil Əl-Şüveyli, Azərbaycan tərəfindən DQİDK sədri Mübariz Qurbanlı, millətvəkili, Azərbaycan-İraq parlamentlərarası dostluq qrupunun rəhbəri Cavanşir Paşazadə, QMİ sədr müavinləri Salman Musayev və Sabir Həsənli iştirak etdilər.
 
 
 
 
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1711