Qafqaz Müsəlmanları İdarəsi sədrinin Səudiyyə Ərəbistanına səfəri davam edir

 
31.08.2019
 
 Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 30-da mənzil-qərargahı Məkkə şəhərində yerləşən İslam Aləmi Liqası təşkilatının Baş Katibi Məhəmməd bin Əbdülkərim əl İsa ilə görüşüb.
 
 Səmimi qardaşlıq şəraitində keçən görüşdə QMİ sədrinin Səudiyyə Ərəbistanına səfər etməsi yüksək dəyərləndirilib, belə görüşlərin Azərbaycanla İslam dünyası ilə əlaqələrinin dərinləşməsinə və möhkəmlənməsinə böyük töhfə verdiyi qeyd olunub. Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevin salamlarını və xoş arzularını baş katibə çatdıran Şeyxülislam A. Paşazadə dəvəti böyük məmnuniyyətlə qəbul edərək Səudiyyə Ərəbistanına səfər etdiyini, burada yüksək səviyyədə qarşılanmasını, göstərilən qonaqpərvərliyi və keçirdiyi mötəbər görüşləri yuksək dəyərləndirdiyini vurğulayaraq, bunu Azərbaycan dövlətinə və xalqına, həmçinin, şəxsinə olan böyük ehtiramın bariz nümunəsi olduğunu bildirdi.
 
  Azərbaycanla İslam Aləmi Liqası arasında uzun illərdən bəri davam edən əlaqələrin həm ölkəmiz, həm də təşkilat üçün qarşılıqlı önəm və fayda daşıdığı, bu münasibətlərin gələcəkdə də davam etməsi perspektivləri görüşdə əsas müzakirə mövzusu oldu. İslam Aləmi Liqasının Baş Katibi Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinin İslam düyası üçün böyük önəm daşıdığını, onun Azərbaycanın islam dünyasına inteqrasiyası yönündə səylərinin dəyərli olduğu xüsusi vurğulandı.
 
  İslam Aləmi Liqası təşkilatının Baş Katibi Məhəmməd bin Əbdülkərim əl İsanı  Azərbaycan dövlətinin cari ilin 14-15 noyabr tarixlərində keçirəcəyi Dünya Dini Liderlərinin II Bakı Sammitinə dəvət edən QMİ sədri A. Paşazadə Azərbaycanın dövlət başçısının beynəlxalq müstəvidə İslam həmrəyliyi ideyalarına verdiyi önəmli dəstək barədə məlumat verdi. Dəvəti qəbul edən Baş Katib böyük məmnuniyyətlə Azərbaycana səfər edəcəyini bəyan etdi.
 
     Şeyxülislam A. Paşazadə görüş zamanı bildirdi ki, Azərbaycan xalqı və dövləti müsəlman dövlətlərinin Azərbaycanın haqq işi uğrunda mübarizədə bizə verdiyi dəstəyi yuksək qiymətləndirir, o cümlədən, Səudiyyə Ərəbistanının Azərbaycan torpaqlarını işğal etmiş dövlət olan Ermənistanın səfirliyinin açılmasına icazə verməməsini buna gözəl nümunə kimi təqdir edir. QMİ sədri ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında ümumislam irsinin nümunələri olan məscidlərimizə, dini məkanlarımıza qarşı törətdikləri vandalizm hallarına qarşı islam dövlətlərinin, müsəlman beynəlxalq təşkilatlarının sərt münasibətinin vacibliyinə diqqəti çəkdi.
 
 
QMİ-nin Mətbuat Xidməti

 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 253