"Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib

  
 10.07.2019
 
İyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycançılıq ideologiyası və İslam” mövzusunda konfrans keçirilib.
 
Tədbirin əvvəlində DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və Azərbaycançılıq” adlı sənədli film nümayiş edilib.
 
Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki,  Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını birləşdirir və bu ideologiya Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət ideologiyası kimi təsbit olunub.
 
Komitə sədri deyib ki, iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50-ci ildönümü tamam olur. Onun sözlərinə görə, Ulu Öndər xalqımız və dövlətimiz üçün misilsiz xidmətlər göstərib. Bu xidmətlərdən biri də Azərbaycançılıq ideologiyasıdır. Komitə sədri onu da qeyd edib ki, Azərbaycançılıq ideologiyasının formalaşması prosesində İslam dini mühüm rol oynayıb. İslami dəyərlər, ümumiyyətlə, İslam dini xalqımızın ideoloji xəttinə uyğundur. Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri də özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyevin böyük müdriklik və uzaqgörənliklə əsasını qoyduğu siyasi kurs dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycançılıq ideologiyasının tərkib hissəsi olan multikulturalizm və tolerantlıq dövlət siyasətinə çevrilib.
 
Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu təqdim olunan sənədli filmə görə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Azərbaycançılığın tarixi köklərini, keçdiyi mərhələləri təhlil edən natiq qeyd edib ki, bu ideologiya  Azərbaycanın milli neokonservatizmidir və sovet dövründə xalqın milli identifikasiyasını təşkil edib. Hikmət Babaoğlu söyləyib ki, bizim mentalitet milli psixologiya, milli mədəniyyət və milli mənəviyyatdır: “Mənəviyyatın içərisində əsas komponentlərdən biri də dindir. Özümüzü hər nə qədər müasir cəmiyyətin yetirməsi hesab etsək də, daxilimizdə fərd olaraq İslam dininin daşıyıcılarıyıq. Azərbaycançılıq ideologiyasında olan dözümlülük, tolerantlıq, sülh, birgəyaşayış, multikultural dəyərlər həm də İslam dinindən gəlir. Nəticə etibarilə İslam elmi, inkişafı təlqin edən dindir. Ona görə də, Azərbaycançılıq və İslam dedikdə, məsələnin bu kontekstdə qiymətləndirilməsi doğrudur”.
 
Tədbirdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev  bildirib ki, Heydər Əliyev hər şeydən əvvəl, milli-mənəvi dəyərlər sisteminin nə olduğunu və ona münasibətin necə formalaşmasını birmənalı şəkildə ictimai fikrin qarşısına qoyub, milli-mənəvi dəyərlər sisteminin təməlində dini dəyərlərin durduğunu bəyan edib. Ümummilli Liderin hakimiyyətə qayıdışı dönəmində dini-mənəvi dəyərlərə olan münasibətin müxtəlif aspektlərini araşdırmağın olduqca maraqlı və diqqətəlayiq olduğunu vurğulayan QMİ rəsmisi Heydər Əliyevin dinindən və məzhəbindən asılı olmayaraq bütün dini tədbirlərin, konfessiyaların xüsusi mərasimlərinə özəl diqqətlə yanaşmasından danışıb.
 
Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov İslam dininin Azərbaycan cəmiyyətinə təsirlərindən, dinin təməl prinsiplərindən olan sülhün, birləşdirici funksiyanın və tolerantlığın milli təfəkkürdə oynadığı roldan danışıblar. Müzakirələrə qoşulan şərqşünas alim Nəriman Qasımoğlu və Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, DQİDK yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev Azərbaycançılığın həm milli, həm də dini kimliyin təyinedicisi olmasından, tolerantlığın bu ideologiyada mühüm yer tutmasından söz açıblar.
 
 
 
 
 
dqdk.gov.az

Oxunub : 264