Avstriya Katolik Kilsəsinin rəsmi internet saytında Vyana Bəyannaməsi haqqında məqalə yerləşdirilib

 
 
26.06.2019
 
Avstriya Katolik Kilsəsinin rəsmi internet səhifəsində ötən həftə Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda təşkil olunmuş konfransa həsr olunmuş məqalə yerləşdirilib.
“Vyana Bəyannaməsi: Heç bir din terrora haqq qazandırmır” başlıqlı məqalədə Vyanada “Hofburq” sarayında keçirilən beynəlxalq konfransda əcnəbilərə qarşı nifrət, antisemitizm, xiristianofobiya və islamofobiyaya qarşı çağırış edildiyi bildirilir. Qeyd edilir ki, konfransın yekununda qəbul edilmiş bəyannamədə din adından törədilən hər bir terror aktının, eyni zamanda, bütün dinlərə qarşı sui-qəsd olduğu əksini tapır. Həmçinin bəyannamədə terrorizmin, eləcə də guya “din adından” törədilən insanlığa qarşı cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlərin görülməsinə çağırış edilir.
Bildirilir ki, konfrans ötən çərşənbə günü Azərbaycan Respublikasının təşəbbüsü ilə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin və Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzi ilə əməkdaşlıq şəraitində keçib. Konfrans iştirakçıları Vyana Bəyannaməsində tələb ediblər ki, terrorçuların “dinlərin müqəddəs dəyərlərini öz məkrli məqsədləri üçün” istifadə etməyə yönəlmiş istənilən cəhdinin qarşısı alınmalıdır. Bu məqsəd üçün də dini və etnik pərdə altında güc tətbiqini təşviq edən zərərli ideologiyaların yayılmasının önlənməsi intensivləşdirilməlidir. Əcnəbilərə qarşı nifrət, antisemitizm, xristianofobiya və islamofobiyaya qətiyyətlə rədd edilməlidir.
Vyana Bəyannaməsində qeyd edilir ki, əcnəbilərə qarşı nifrətin və rasizmin yayılması, eləcə də artmaqda olan dini və etnik qeyri-tolerantlıq, mədəni, dini və tarixi mirasın məhv edilməsi, qaçqın fəlakətləri “dərin narahatlıq” doğurur. Buna görə müxtəlif dini inancların və dəyərlər sisteminin birgə bəşəri dəyərləri daha da güclü vurğulanması vacibdir, çünki bu dəyərlər ümumdünya sivilizasiyasına, mədəni və ruhani mirasa, humanizm, sülh və ədalətin inkişafına öz töhfələrini verirlər.
Vyana Bəyannaməsində beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı təhdid və çağırışların önlənməsi və aradan qaldırılmasında BMT-nin rolu yüksək qiymətləndirilir. Eyni zamanda, xatırladılır ki, silahlı münaqişələr, təqib və güc tətbiqi, terrorizm böyük qaçqın dalğasına səbəb olan faktorlar sırasındadır. BMT-nin Xartiyası və beynəlxalq hüququn ümumən qəbul edilmiş prinsip və normalarına - “hər şeydən öncə suveren bərabərlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə” hörmət olunmalıdır.
Bununla əlaqədar bəyannamədə münaqişələrin “ədalətli və dinc yolla nizamlanması” üçün çağırış edilir və burada xüsusi olaraq İsrail-Fələstin münaqişəsi və Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı münaqişə qeyd olunur. Yekun olaraq Vyana Bəyannaməsində UNESKO Xartiyasının ruhuna müvafiq şəkildə “dini, mədəni və etnik fərqliliklərin qəbul edilməsi və onlara rəğbət göstərilməsi mədəniyyətinin” təşviq olunmasına və eləcə də dini, dünyəvi, elmi və digər şəxsiyyətlərin insan haqlarının təbliği və qorunması üçün əməkdaşlıq etməsinə çağırış əksini tapır.
Məqalədə konfransda iştirak edən dini və dünyəvi xadimlərin çıxışlarına toxunulur və tədbirin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfə yüksək qiymətləndirilir.
 

Oxunub : 303