Qafqaz Müsəlmanları İdarəsinin sədri Avstriyada səfərdədir

 
 
07.02.2019
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 6-7 fevral tarixlərində səfərdə olduğu Avstriya Respublikasının paytaxtı Vyanada KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 20-ci sessiyasında iştirak etdi.
     Üzvü olduğu 9 nəfərlik Direktorlar Şurasının sessiyasında açılış nitqi ilə çıxış edən QMİ sədri bir il əvvəl Qafqaz Müsəlmanları İdarəsinin nəzdində təsis olunmuş  “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC) təşkilatçılığı ilə 2018-ci il ərzində Avropada keçirdiyi iki irimiqyaslı beynəlxalq konfrans barədə Şura üzvlərinə məlumat verdi.  Bu tədbirlərdə KAICIID rəhbərliyi - Baş katib Feysal bin Muammara, Baş direktor Fahad Abulnasra, Baş katibin müavini səfir Alvaro Albasete və Direktorlar şurasının üzvü Məhəmməd Sammaka fəal iştiraklarına görə xüsusi minnətdarlığını bildirən QMİ sədri yaxın dövr ərzində BCIC-in yeni mühüm addımlar atmağa hazırlaşdığını diqqətə çatdırdı. Belə ki, Azərbaycanda elan olunmuş Multikulturalizm və İslam Həmrəyliyi illərinin ardınca Zati-Aliləri Prezident İlham Əliyevin 2019-cu ili böyük İslam mütəfəkkiri, Azərbaycanlı alim və şair İmaməddin Nəsimi ili elan etdiyini xüsusi vurğulayan QMİ sədri A. Paşazadə, BCIC xəttilə cari il ərzində müxtəlif lokal və beynəlxalq tədbirlərin keçiriləcəyini və həmin tədbirlərdə dinlər və sivilizasiyalar arası əməkdaşlıq ideyalarının davamlı təbliğinin prioritet olacağını bəyan etdi.
      Şeyxülislam A. Paşazadə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin KAİCİİD Dialoq Mərkəzi ilə müştərək 19-20 iyun tarixlərində Vyanada keçirməyi nəzərdə tutduğu «Dinlərarası və Sivilizasiyalararası əməkdaşlıqdan ümumbəşər həmrəyliyə doğru» mövzusunda Beynəlxalq Konfrans barədə Şura üzvlərini məlumatlandırdı. KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvləri Vyana Beynəlxalq Konfransının keçirilməsi kimi mühüm təşəbbüsü yekdilliklə bəyənərək, bu mötəbər forumda həmtəşkilatçı qurum olaraq çıxış edəcəkləri barədə qərar qəbul etdilər.
         Sessiyanın ikinci bölməsində Azərbaycan və Avstriya hökümətlərinin müvafiq dövlət qurumlarının həmtəşkilatçılığı ilə baş tutacaq adıçəkilən Vyana Beynəlxalq Konfransının təqdimatı keçirildi.
       Dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının iki gün davam edən sessiyasında Avropa, Amerika, Afrika, Asiya, o cümlədən, Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr, habelə bu regionlarda baş verən mühüm hadisələrə dair müzakirələrdə iştirak edən QMİ sədri A. Paşazadə məsələlərə dair öz fikirlərini bölüşdü.
 
QMİ-nin Mətbuat Xidməti
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 226