Qafqaz Müsəlmanları İdarəsinin sədri İslam dünyasına töhfələrinə görə Qahirədə mükafata layiq görülüb

06.02.2019

Misirin paytaxtı Qahirədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birinci festivalı keçirilir. Qahirə Opera Evində təşkil edilən və Azərbaycan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər müsəlman ölkələrini bir araya gətirən tədbirin məqsədi xalqlar arasında əlaqələrin genişləndirilməsidir.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, açılış nitqlərindən sonra İslam dünyasına xüsusi töhfələri olan şəxslərin təltif edilməsi mərasimi keçirilib. Mükafata layiq görülən beş görkəmli müsəlmandan biri də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə olub.

Tədbir çərçivəsində Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb. Söhbət zamanı baş katib şeyxülislamın müsəlman dünyasında oynadığı rola diqqət çəkib. Qeyd edib ki, sülhpərvər mövqeyi həm ölkə daxilində, həm də xaricdə ona rəğbət qazandırıb.

İƏT-in baş katibi bildirib ki, Prezident İlham Əliyevin Şərq və Qərb sivilizasiyasını dialoq platforması ilə daha da yaxınlaşdırmaq təşəbbüsü real nəticələrini verir. Bunun nəticəsidir ki, Azərbaycan Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar sahədə gördüyü işlərin mədəni yaxınlığı daha da sürətləndirdiyini deyən baş katib onun bütün müsəlman xanımları üçün bir nümunə olduğunu bildirib. Baş katib Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair İƏT-in qəbul etdiyi qərar və qətnamələrdə ölkəmizin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının birmənalı şəkildə dəstəkləndiyini və bu mövqeyin dəyişilməz olaraq qalacağını vurğulayıb.

Şeyxülislam A.Paşazadə İƏT-in müsəlman ölkələrində gördüyü işlərin sülhə və tərəqqiyə səbəb olduğunu bildirib, qurumun təşkilatçılığı ilə baş tutan festivalın davamlı olacağına əminliyini ifadə edib.
 
 
 
 
 
 
 
 
 

Oxunub : 1502