Ekstremist düşüncə tərzindən əziyyət çəkən dünyada unikal tolerantlıq körpüsü...

 
23.12.2018
Madrid və Berlin konfranslarının mesajı
 
Azərbaycanın tolerantlıq prinsiplərinə söykənən siyasəti və onun uğurlu təqdimatı artıq ölkənin vizit kartına çevrilib. Qədim tarixə malik ölkəmizdə mövcud olan milli və dini həmrəylik xalqımızın milli koduna çevrilməklə region üçün sabitlik və barışın açarı hesab olunur.  
Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasətin əsas hədəfi Azərbaycanın bu irsinin təbliği, çağdaş dünyamızda dini, etnik dözümsüzlük zəmnində baş qaldırmış kobud ayrı-seçkilik siyasətinin ifşa olunması və bəşəriyyətin birgəyaşaşış modelini dağıtmağa can atanların niyyətinə qarşı durmaqdır.
Bunun üçün ölkəmizin böyük tarixi təcrübəsi, kifayət qədər resursu və verə biləcəyi mesajları var.  Azərbaycan uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Ölkəmiz islam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan islam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb.

Dövlətin qüdrətinin müəyyən edən iqtisadi güc və siyasi nüfuzla yanaşı,  ölkədə milli birliyinin sütununu sarsılmaz edən humanitar siyasətdir. Məhz cəmiyyətə yönəlik  humanitar siyasət sayəsində  ölkədəki sosial-siyasi sabitlik bərqərar olur. Bu humanitar siyasətin məhək daşlarından biri tolerantlıq və multikulturalizmdir. Bu baxımdan Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Odur ki, ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan bu gün dünyaya tolerantlıq baxımından təqdim etdiyi yeni model özünün fərqli təqdimatı ilə seçilir. 
Təəssüf ki, bu gün dünyada xalqların inamları ilə oynayan avantürist siyasətbazlar dini zəmində süni münaqişələr yaradaraq, bunu guya baş verən zorakılıq faktlarının əsası kimi göstərirlər. Bir sıra dövlətlərin dini ayrıseçkilik şüarlarına söykənərək, apardıqları bədnam siyasət bugünkü dünyanın gerçək reallığına çevrilib. Ortada kədərli tablo var: dini nifrət püskürən ideologiya terrorun bir aləti olmaqla sanki geopolitik güclərin əsas silahına çevrilib.  
Nəticədə minlərlə insan etiqadı və etnik mənsubiyyətinə görə əzab çəkir.

Azərbaycan cəmiyyətində mövcud tolerantlıq nümunəsinin xaricdə təbliği bu baxımdan ölkəmizin bəşəri dəyərlərə sadiqliyini göstərməklə yanaşı, bu dəyəri bütün dünya üçün bir mayaka çevirməkdə böyük rol oynayır.  Bu, həmçinin Azərbaycanı dünyanın humanist ideyalarını prioritet sayan dövlətlərin cərgəsinə çıxarır. 
Azərbaycan  2018-ci ildə də özünün prinsiplərinə sadiq qalıb və barış missiyasını uğurla davam etdirib. 
 
Bu il dünyada “Bakı prosesi” adlandırılmış mədəniyyətlərarası və dinlərarası dialoqun 10 yaşı tamam olub.  “Bakı prosesi” multikultural dəyərlərin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. “Bakı prosesi” prezident İlham Əliyevin dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır.
Bu çağırış Qafqaz Müsəlmanları İdarəsini də prosesin mühüm detalına çevirib. Xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti çox böyük əhəmiyyətə malik olan məsələdir.
2018-ci ildə QMİ sədri Allahşükür Paşazadənin iştirak etdiyi tədbirlər bu baxımdan məhsuldar olub.  QMİ-nin təşkilatçılığı ilə İspaniyada və Almaniyada keçirilmiş konfranslar bu siyasətin təbliğində öz töhfələrini verib.  Prezident İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycanda “Multikulturalizm ili”nin və “İslam Həmrəyliyi ili”nin elan olunmasının ardınca, “Bakı prosesi”nin 10 illiyi münasibətilə tədbirlərin davamı kimi keçirilmiş bu tədbirlər dinlərarası və sivilizasiyalararası dialoqun davam etdirilməsinə, müasir dünya üçün narahatlıq doğuran problemlərin aradan qaldırılmasına beynəlxalq ictimaiyyətin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini ortaya qoymaq məramına xidmət edir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bu konfranslara Azərbaycandakı üç  müxtəlif dini konfessiyanın liderləri ilə birgə iştirakı ölkəmizdəki mövcud “dini həmrəylik” ideyasının dünyaya parlaq təqdimatı hesab etmək olar.
 
Keçirilmiş beynəlxalq konfransların əsas mesajı qarşılıqlı nifrəti və dini zəmində təqibləri pisləməklə yanaşı, müxtəlif dini konfessiyaların həmrəylik nümayişini vacib əhəmiyyətini göstərmək idi.  Dünyanın müxtəlif ölkələrindən konfranslara qatılmış yüzlərlə nufuzlu ruhani və ictimai liderlər bəyan etdilər ki, bəşəriyyətdə tüğyan edən dini nifrət və dözümsüzlük cəmiyyətin əsaslarını sarsıdır və belə təhlükəli cəhdlər insan haqlarının fundamental əsaslarından sayılan dini etiqad azadlığına zərbə vurur.  Konfranslarda qeyd olunub ki, bunun qarşısını almaq üçün bütün dini liderlər, tərəqqipərvər insanlar səylərini birləşdirərək,  xalqlar arasında uçurum yaradan bu qondarma faktora qarşı durmağı bacarmalıdır.
Tədbirlərdə əsas diqqətçəkən məqamlardan biri hökumətlərə ünvanlanan çağırışdır.  Orada qeyd olundu ki, bu gün hökumətlərlə dinlər arasında münasibətlərdə müəyyən edilən harmoniya hər iki tərəf üçün vacib detaldır.
Şeyxülislam Allahşükür Paşazadənin 2018-ci ildə Rusiyaya, Qazaxstana, Avstriyaya, Şimali Qafqaz bölgəsinə səfərlərindəki çıxışlarında da tolerantlıq və birgəyaşayış tezisləri aparıcı olub. QMİ sədrinin bu görüşləri böyük bir arealı Azərbaycanın irəli sürdüyü bu prioritetlərin təbliği üçün unikal bir məkana çevirib.
 
A.Paşazadənin istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, istərsə də xristian dininin rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri bu istiqamətdə ciddi rıçaqdır və Prezidentin yürütdüyü siyasətin reallaşmasında öz töhfələrini verir. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın tolerant körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətdir.

Bu gün dünyanın müxtəlif ölkələrində törədilən terror aktları, insan qırğını, separatizm, islamofobiya, antisemitizm, sivilizasiyalar arasında qütbləşmə dinlərarası və millətlərarası  dialoqa ciddi zərbə vurur. Lakin yaşanan bütün faciələrə baxmayaraq, işıqlı insanlarda bir əminlik var: Dünyanı məhvərindən çıxarmağa qoymayan  əbədi mənəvi dəyərlər mövcuddur. Tolerantlıq belə dəyərlərdəndir.
Azərbaycan bu baxımdan dünyaya öz təcrübəsini yaymaqla belə bəşəri dəyərləri bölüşdüyünü və bütün dövrlərin qabaqacıl maarifçilərinin və dövlətlərinin arzu etdiyi humanist prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir.
 
 
 
 
 
 
 

Oxunub : 192