ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri QMİ-də

 06.12.2018
 
 
Dekabrın 6-da Qafqaz Müsəlmanları İdarəsində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Villiam Solleylə görüş keçirilib.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə müavini Qəmər xanım Cavadlı QMİ-nin dini təhsil sahəsində gördüyü işlər, yeni yaradılan kolleclərlə bağlı məlumat verib. Sədr müavini təmsil etdiyi qurumun savadlı kadrların hazırlanmasına həmişə böyük önəm verdiyini diplomatın diqqətinə çatdırıb, bununla əlaqədar həyata keçirilən tədbirlərdən danışıb.
Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov dini mərkəzin keçdiyi tarixi yoldan geniş söhbət açıb, ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib, bu sahədə qəbul edilən qanun və digər hüquqi aktların dünya standartlarına cavab verdiyini deyib. QMİ-nin təşkilatçılığı ilə son illər dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans və forumlar barədə də qonağa ətraflı məlumat verilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 136