Türkiyə KİV-lərində Allahşükür Paşazadənin fəaliyyəti ilə bağlı məqalə yayımlanıb – FOTO

  
Türkiyəli tanınmış yazar-tərcüməçi İmdat Avşar türk KİV-lərində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti ilə bağlı geniş məqalə yazıb.
“Kafkasiyada islam mücahidi” başlıqlı yazıda A.Paşazadənin şeyxülislam kimi 30 illik fəaliyyətinə toxunulur, SSRİ-dən müstəqil Azərbaycana qədər olan həyatı və fəaliyyəti barədə türk oxucularına məlumat verilir.
Yazıda vurğulanır ki, hələ ateist dövlət olan SSRİ zamanından bu yana milli və mənəvi dəyərlərin qorunmasında xidmətləri olan A.Paşazadə müstəqil Azərbaycanda müxtəlif dini konfessiyaların birgə əməkdaşlığının qurulması üçün böyük səy göstərib. “Bütün məzhəbləri bir kənara qoyaraq məsələlərə vahid mövqedən yanaşan Şeyxülislam bununla Qafqaz müsəlmanları və digər dini konfessiyaları arasında böyük etibar və hörmət qazana bilib”. 
Daha sonra məqalədə A.Paşazadənin Azərbaycanın ən ağır günlərində - 20 yanvar 1990-cı ildəki fəaliyyətinə toxunulur və Şeyxülislamın  sovet ordusunun Bakıda törətdiyi  gətliamı sərt şəkildə pislədiyi və qorxmadan SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən bəyanatla çıxış etməsi vurğulanır.
“20 yanvar 1990-cı ildə Allahşükür Paşazadənin nümayiş etdirdiyi mövqe dünyada onu Qafqazın dini lideri kimi təsdiq etdi”- deyə Avşar yazıda qeyd edir.
Məqalədə deyilir ki, QMİ sədri işğal olunmuş Dağlıq Qarabağ torpaqlarının azad olunması üçün də böyük səylər göstərir. Dövlət başçılarına, beynəlxalq təşkilatlara göndərdiyi məktublarda A.Paşazadə işğalçı Ermənistana və tarixi Azərbaycan torpaqlarına hüquqi status verməyə cəhd edən beynəlxalq güclərə qarşı öz kəskin mövqeyini açıq ortaya qoyur. 
Məqalədə QMİ sədrinin Azərbaycanın dünyada apardığı tolerantlıq siyasətinin təbliğində aparıcı şəxslərdən biri olduğu bildirlir və Şeyxülislamin MDB, Qafqaz və dünyadakı fəaliyyəti təqdir olunur. 
1967-ci ildə anadan olmuş yazar-tərcüməçi İmdat Avşar İnönü Üniversitetinin məzunudur. 2007-ci ildən bəri yazdığı şeir və hekayaləri Türkiyənin nufuzulu ədəbiyyat jurnallarında dərc olunub.  Avşar həmçinin müxtəlif türkdilli xalqların şair və yazıçılarının əsərlərini türk dilinə çevirərək dərc etdirib.
İmdad Avşar ölkəmizdə də tanınır. Onun şeir və hekayələri Azərbaycanın ədəbi jurnalarında da çap edilib. İmdat Avşar Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Beynəlxalq “Rəsul Rza”, Bəxtiyar Vahabazadə adına Beynəlxalq Türk Dünyasına Xidmət, “Yunus Əmrə” və Türkiyə Mədəniyyət Nazirliyinin mükafatlarını alıb.
2013-cü ildə “Övliya Çələbinin İzində Azərbaycan” adlı kitabı xaricdə Azərbaycanı tanıdan ən yaxşı əsər kimi mükafatlandırılıb.  
 
 
 
Məqalələri bu linklərdən oxuya bilərsiniz.

Oxunub : 1439