VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları QMİ-də -
VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları QMİ-də

 
 
Avqustun 6-da Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanda səfərdə olan VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən və dünyanın 25-dən çox ölkəsini təmsil edən Yay Məktəbinin üzvləri əvvəlcə Təzəpir məscid-kompleksini ziyarət ediblər.
Konfrans zalında davam edən tədbiri Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov açaraq Şeyxülislam Allahşükür Paşazadənin salamlarını VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçılarına çatdırıb. Simran Həsənov QMİ-nin tarixi, keçdiyi mürəkkəb yol, hüquqi statusu və bugünkü fəaliyyəti barədə geniş məlumat verib. 
QMİ rəsmisi çıxışında bildirib ki, Azərbaycan dövləti dini icmaların fəaliyyəti üçün bütün imkanları yaradıb, beynəlxalq praktikaya əsaslanan qanunlar qəbul edib. Aparat rəhbəri ölkəmizdəki tolerantlıq mühitinin dünyada təbliğ olunması üçün görülən işləri müsbət qiymətləndirib, tədbir iştirakçılarının da bu işə öz töhfələrini verəcəyinə inandığını bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Qəmər xanım Cavadlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları arasında xanımların çoxluq təşkil etməsini müsbət hal kimi dəyərləndirib, qeyd edib ki, Azərbaycanda bəzi dini icmalarda qadınlar rəhbər vəzifələr tutur, ölkənin ictimai həyatında fəallıq göstərirlər. QMİ sədrinin müavini ölkəmizdə dini təhsillə bağlı görülən müsbət işlər, “Şəbnəm” qızlar kollecinin fəaliyyəti barədə də danışıb.
Qonaqlara QMİ-nin son illər dünyanın müxtəlif ölkələrində keçirdiyi beynəlxalq konfranslar haqqında da geniş bilgi verilib, yay məktəbi iştirakçılarının sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkilib. 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 206