QMİ sədrinin 1-ci müavini Tatarıstanda səfərdə olub

 
 
20-21 iyul tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasında ənənəvi “İzge Bulqar Jıyenı” (Volqa Bulqar diyarının İslam dinini qəbul etməsi) bayramı və bununla bağlı bir sıra rəsmi tədbirlər keçirilmişdir.
Tatarıstanın paytaxtı Kazan, habelə Bulqar şəhərində keçirilən tədbirlərdə Rusiyanın 70 regionundan, habelə 28 xarici ölkədən müsəlman dini xadimləri və alimlər iştirak etmişdir. Azərbaycanı həmin tədbirlərdə QMİ sədrinin 1-ci müavini, müfti Salman Musayev və onu müşayiət edən heyət təmsil etmişdir.
Bulqar İslam Akademiyasında keçirilən tədbirdə RF Tatarıstan Respublikasının başçısı R.Minnixanov, iştirak etmişdir. Tədbir çərçivəsində Tatarıstanın rəhbəri nümayəndə heyətlərinin başçıları ilə, o cümlədən, müfti Salman Musayevlə görüşmüşdür. Tərəflər arasında baş tutan söhbət zamanı QMİ sədrinin 1-ci müavini Tatarıstan başçısına Şeyxülislam Allahşükür Paşazadənin təbriklərini və salam-dualarını çatdırmış, cənab Minnixanov isə öz növbəsində müfti S.Musayevdən Şeyxülislam həzrətlərinə öz ehtiramının və səmimi salamlarının çatdırılmasını xahiş etmişdir.
Səfər zamanı QMİ sədrinin 1-ci müavini tədbirlərdə iştirak edən Rusiya Federasiyası müsəlmanları mərkəzi ruhani idarəsinin sədri Talqat Tacuddin, Çeçenistan müftisi Salah Mejiyev, Misirin Əl-Əzhər Universitetinin professoru Məhəmməd Həmdulla və başqaları ilə ikitərəfli görüşlər keçirmişdir.
Sonra tədbir iştirakçıları Bulqar Cümə məscidinin meydanında günorta namazı qıldılar.
Tədbirlər Tatarıstan müsəlmanları Ruhani İdarəsi, Dünya Tatar Konqresi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuşdur.
 
 
 
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1588