Dini icmalarda “Quran kurs”ları fəaliyyət göstərəcək

 
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dini maarifləndirmə və təhsil sahəsində məqsədyönlü fəaliyyətini davam etdirməkdədir. Bu məqsədlə iyulun 18-də QMİ-də İdarənin təşkilati tabeçiliyində olan dini icmalarda gənclərin və yaşlıların Qurani-Kərimi öyrənmə kurslarının - “Quran kurs”larının rəhbərləri və nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə QMİ sədrinin birinci müavini Hacı Salman Musayev, QMİ Aparatının rəhbəri Simran Həsənov, İdarənin Fətva və moizə şöbəsinin müdir müavini Əhliman Rüstəmov, müvafiq bölgə qazıları, səlahiyyətli nümayəndələr və kurslarda çalışacaq müəllimlər iştirak etmişlər.
Tədbirdə çıxış edən QMİ sədrinin birinci müavini Hacı Hacı Salman Musayev “Quran kurs”larının fəaliyyətə başlaması münasibətilə tədbir iştirakçılarını salamlamış, onlara QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin xeyir-duasını çatdırmış, “Quran kursu” rəhbərlərini və nümayəndələrini təbrik etmişdir. S. Musayev bildirmişdir ki, “Quran kurs”ları yalnız məscidlərdə və onlara məxsus olan köməkçi tikililərdə bir tədris ili müddətinə təşkil edilir və “Quran kurs”larında tədris Azərbaycan Respublikasında təhsil alan ali və ya orta dini təhsili olan Azərbaycan Respublikası vətəndaşı, habelə QMİ tərəfindən icazə verilən digər şəxslər tərəfindən aparılacaqdır. QMİ sədrinin birinci müavini onu da bildirmişdir ki, “Quran kurs”larının tədris proqramı və tədris müddəti artıq QMİ tərəfindən təsdiq olunmuşdur və yaxın zamanlarda QMİ-yə müraciət etmiş digər dini icmalarda da “Quran kurs”larının fəaliyyətə başlaması məsələsinə baxılacaqdır. S. Musayev çıxışının sonunda “Quran kursu” rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.
QMİ-nin Aparat rəhbəri Simran Həsənov çıxışı zamanı qeyd etmişdir ki, “Quran kurs”ları “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa, eləcə də QMİ-nin Nizamnaməsinə əsasən fəaliyyət göstərəcəklər və QMİ kursların açılması barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) məlumat vermişdir. QMİ-nin Aparat rəhbəri vurğulamışdır ki, “Quran kurs”larının təsdiq edilmiş proqramlar əsasında fəaliyyəti üçün dini qurumun rəhbəri, QMİ-nin bölgə qazısı və rayon üzrə səlahiyyətli nümayəndəsi şəxsən məsuliyyət daşıyır və dini icma “Quran kurs”larının yekunları barədə hər dəfə QMİ-yə yazılı hesabat və DQİDK-nın bölgə şöbəsinə yazılı məlumat təqdim edəcəkdir. S. Həsənov “Quran kurs”larına aid digər hüquqi məsələlərə də aydınlıq gətirmişdir.
İdarənin Fətva və moizə şöbəsinin müdir müavini Əhliman Rüstəmov “Quran kursu” rəhbərlərinə bu kursların açılması barədə QMİ-nin müvafiq əmrini, QMİ-nin təsdiq etdiyi “Quran kurslarının təşkili haqqında Əsasnamə”ni, Tədris proqramını və digər müvafiq sənədləri təqdim etmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 398