Azərbaycan dindarları ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

 
 
Mayın 8-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin iqamətgahında ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən konfrans keçirilib.
 
Dindarların, dövlət və hökumət rəsmilərinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri konfransda müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
 
Tədbirin moderatoru QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli ümummilli lider Heydər Əliyevin Azərbaycanda dinə və dindarlara qayğısından danışıb. Bildirilib ki, Ulu Öndər ölkəmizdə yeni məscidlərin tikintisinə, köhnələrinin isə təmirinə hər zaman xüsusi diqqət ayırırdı. Dindarlar ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını hər zaman hiss edib və yüksək qiymətləndiriblər.
 
Sonra Ulu Öndərin həyatından və dinə qayğısından bəhs edən sənədli film göstərilib.
 
QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Heydər Əliyev ölkəmizi dini, etnik separatçılıq zəminində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puça çıxararaq dövlətçiliyimizi xilas edib. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Ulu Öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsaslarını yaratdı.
 
“Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq” sözləri Heydər Əliyevin dünyalar qədər sevdiyi Azərbaycanın gələcək səadətinin təminində müqəddəs dinimizin oynayacağı rolu uzun illər əvvəldən düşündüyünü göstərir, onun İslam dəyərlərinə sədaqətindən xəbər verirdi. Təsadüfi deyil ki, Ümummilli Lider hakimiyyətə qayıdışından sonra ilk addımlarından birini məhz ibadət məkanına atdı - Təzəpir məscidini ziyarətə gələrək dindarlar qarşısında çıxış etdi, “Allahın yolunda hamımız bir olaq” dedi. Ulu Öndərin ilk sərəncamlarından biri nisgilli Bibiheybət məscidinin bərpası ilə bağlı oldu.
 
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndər Heydər Əliyevin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqını ağır, çətin vəziyyətlərdən xilas edib, milli birlik yaradıb, bu birliyin təməlində dayanan mahiyyəti çox dəqiqliklə seçib. Ümummilli Lider insanların qəlbində monoetnik birlik yaradıb. Məhz onun sayəsində ölkəmizdə dövlət-din münasibətlərinin ən gözəl modeli bərqərar oldu. Yalnız Heydər Əliyev kimi müdrik bir lider buna nail ola bilərdi. Məhz onun siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə dinindən, dilindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insana eyni gözlə baxılır. Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələrinə hörmətlə yanaşılır. Azərbaycan cəmiyyətində məzhəbçilik yoxdur. Ona görə ki, Azərbaycanda heç kimin qəlbində belə ayrı-seçkilik yoxdur. Liderin yaratdığı nümunə də bax, budur.
 
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib ki, Heydər Əliyev ömrünü Azərbaycan xalqına həsr edib. Sovet dövründə Azərbaycan 15 respublika arasında ən aşağı yerlərdə idi. Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra ölkə çox böyük nailiyyətlər əldə etdi. Ulu Öndərin möhkəm iradəsi nəticəsində Azərbaycan xalqı ayağa qalxdı. Onun bir müddət siyasətdən uzaq qalması Azərbaycanı böyük fəlakətlərə apardı. Torpaqlarımızın 20 faizi işğal olundu, minlərlə şəhid verdik, vətəndaşlarımız məcburi köçkünə çevrildi. Naxçıvan da təhlükə ilə üz-üzə qalmışdı. Heydər Əliyevin Naxçıvana gəlməsi muxtar vilayəti işğal təhlükəsindən xilas etdi. Ulu Öndər Azərbaycan xalqının tarixində əbədi yer qazandı.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini müəyyənləşdirib. Bu təməl prinsiplərə azərbaycançılıq, mənəvi dəyərlərə sadiqlik, dövlət-vətəndaş həmrəyliyi və s. aiddir. Bu təməl prinsiplər bizim üçün əbədidir.
 
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub. Ulu öndər Heydər Əliyev uzaqgörən, böyük bir siyasətçi idi.
 
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, dini konfessiyaların rəhbərləri, din xadimləri Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı mühüm xidmətlərindən, xüsusilə də dindarlara qayğısından, milli mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən bəhs ediblər.
 
 
 
 
 

Oxunub : 802