Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib.

 
 
 
         Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 23-də Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanı qəbul edib.
           Səmimi qardaşlıq şəraitində keçən görüşdə Azərbaycan və İran xalqları və dövlətləri arasında həyatın bütün sahələrində olduğu kimi dini-mənəvi sahədə əlaqələrin dərinləşməsindən məmnunluq ifadə olundu. Qonağı səmimi salamlayan QMİ sədri Azərbaycanın İslam dünyasının maraq və mənafelərinin qorunması istiqamətində beynəlxalq müstəvidə səylərinin dünya müsəlmanlarının hər zaman dəstək və ehtiramına səbəb olduğu barədə onu məlumatlandırdı. Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevin qlobal təşəbbüsləri, ümumbəşəri və İslami həmrəylik ideyalarının, Azərbaycanın I Vitse-prezidenti Mehriban xanım Əliyevanın bu yöndə səmərəli, məhsuldar fəaliyyətinin önəmi barədə danışan Şeyxülislam A. Paşazadə  bütün bunları Azərbaycanın ümumislam mədəni irs xəzinəsinə töhfələri kimi dəyərləndirdi. O bildirdl ki, Azərbaycan İslam dünyasının ayrılmaz tərkib hissəsidir və dinimizin dəyərlərinə və ümumbəşəri multikulturalizm ideyalarına hər zaman böyük ehtiram və qayğı ilə yanaşır.
            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Sərəncamına uyğun olaraq elan olunmuş «İslam Həmrəyliyi İli»nin yekunlaşması ilə bağlı 21 dekabr 2017-ci il tarixində Bakı şəhərində «2017 — İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq» mövzusunda keçirilmiş Beynəlxalq Konfrans barədə qonağı məlumatlandıran QMİ sədri bu mötəbər tədbiri və onun ünvanına İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin təbriknaməsinin daxil olmasını Azərbaycana, onun dinlərarası dialoq prosesində və İslami əməkdaşlıq istiqamətində uğurlu səylərinə verilən dəstək olaraq səciyyələndirdi. 
         QMİ sədri A. Paşazadə narahat dünyamızda mövcud təhdidlərdən bəşər ailəsinin yalnız səylərini birləşdirməklə, İslamdaxili həmrəylik və müxtəlif dinlər arasında əməkdaşlıq sayəsində xilas ola biləcəyini vurğulayaraq, qonağın diqqətinə çatdırdı ki, Bakı Beynəlxalq Konfransının iştirakçıları dinlər və mədəniyyətlər arası dialoqun inkişaf etdirilməsini zəruri sayaraq, bu prosesin davamlılığını təmin etmək məramı ilə «Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq» Mərkəzi yaradılması barədə qərara gəldilər. Azərbaycanda, Qafqaz Müsəlmanları İdarəsi yanında daimi fəaliyyət göstərəcək Mərkəzin Himayədarlar Şurasında cənab Türkamanın yer almasına xeyir-dualarını istədi. O bildirdi ki, bu seçimi İslam dünyasında nüfuzlu şəxsiyyət kimi dəyərləndirdiyimiz cənabınızın önəmli xidmətlərini, zəngin təcrübəsini nəzərə alaraq həyata keçirmişik. Şeyxülislam A. Paşazadə ümidvar olduğunu diqqətə çatdırdı ki, cənab Türkaman bu dəyərli ideyanın gerçəkləşməsi işinə öz dəstək və yardımını əsirgəməyəcəkdir və Mərkəzin xətti ilə gələcəkdə keçiriləcək beynəlxalq tədbirlərə təşrif buyurmaqla bizləri şərəfləndirəcəkdir.
               Qonaq, öz növbəsində, Azərbaycanda keçirdiyi görüşlər barədə danışaraq, göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Cənab Türkaman rəhbərlik etdiyi təşkilat xəttilə Azərbaycan-İran dini-mədəni əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəklərini, habelə Azərbaycanın ümumislam mənafelərinə xidmət edən səylərinə hər zaman dəstək verəcəklərini bildirdi.
 
QMİ-nin Mətbuat Xidməti
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir

Oxunub : 1968