QMİ sədrinin müavini Qəmər xanım Cavadlının “İslam və bioetika” əsəri işıq üzü görüb

  
Qafqaz Müsəlmanları İdarəsi sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru, tanınmış jurnalist-tədqiqatçı, “Həsən bəy Zərdabi” mükafatı laureatı Qəmər xanım Cavadlı gələcəyə aparan körpü hesab edilən bioetika barədə kitab yazıb. Bu sahədə araşdırma aparan, bioetikaya həsr olunan beynəlxalq konfranslarda ölkəmizi təmsil edən müəllif İslam dininin bioetikaya münasibətini də kitabda geniş təhlilini işıqlandırıb. Kitabda həmçinin son illər Azərbaycanda bioetika ilə bağlı həyata keçirilən işlərdən ətraflı söhbət açılır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, tarix elmləri doktoru, professor, Şeyxülislam Allahşükür Paşazadə kitaba yazdığı “Ön söz”də qeyd edir ki, İslam dininin bioetika problemlərinə münasibəti mövzusu din xadimlərini çoxdan bəri narahat edən və maraqlandıran məsələdir: “...Müasir sivilizasiya rifah mənbəyi olmaqla yanaşı insanın yaşam mühiti, mədəni-ekoloji şəraiti və sağlamlığı üçün bir sıra təhlükələr yaradıb... Qəmər xanım Cavadlının geniş araşdırmalar və ətraflı təhlil sayəsində ərsəyə gətirdiyi kitab İslamın bioetika problemlərinə münasibətini tarixi, fəlsəfi və ictimai aspektlərdən işıqlandırır. Çox təqdirəlayiq haldır ki, müəllif müqayisə üsulundan istifadə edərək, digər dinlərin və fəlsəfi məktəblərin də problemə münasibətini açıqlaya bilib. Bu gün din və elm arasındakı qarşılıqlı münasibətlər sistemini mükəmməl şəkildə təhlil edən bir kitabın ərsəyə gəlməsi bütün dindarlarımıza dəyərli töhfə sayılmalıdır”. Yeri gəlmişkən, Şeyxülislam Allahşükür Paşazadə “İslam və bioetika” kitabının həm də elmi redaktorudur.
Kitaba Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev rəy veriblər. Akademik Vasim Məmmədəliyev “...İslam və bioetika”nı “Zamanın tələblərinə cavab verən kitab” adlandırıb: “Allah-taala
insanı dünyanın ən kamil məxluqu kimi yaradıb, əqidəsi, imanı, əməli və təqvası olan şəxsi mələklərdən belə üstün tutub. İslamın bioetikaya münasibəti də məhz insana olan qayğı və sevgidən irəli gəlir.
İnsan övladı öz ləyaqətinə xələl gətirmədən, ilahi və dünyəvi hüquqlarını pozmadan yaşamaq, ailə qurmaq, fəaliyyət göstərmək istəyir. Onun bu təbii istəkləri hüquqi və ictimai baxımdan tənzimləndiyi kimi, dini və mədəni-əxlaqi baxımdan da dəstəklənməlidir. Dünya dinlərinin bioetikaya münasibəti məhz əxlaqi kontekstin təsbitlənməsi üzərindədir... “İslam və bioetika” kitabı həqiqi mənada zamanın tələblərinə cavab verən bir kitabdır. Burada işıqlandırılan məsələlər əsrimizin ən aktual və daima cavabı aranan problemləridir...”
Kitabı nəşrə hazırlayan tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov, redaktoru Əhliman Rüstəmovdur. “İpək yolu” nəşriyyatında çap edilən “İslam və bioetika” Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının qərarı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə nəşr olunub.     
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1668