Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə daha bir mötəbər beynəlxalq qurumun üzvü seçilmişdir.

  
        
 Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə daha bir mötəbər beynəlxalq qurumun - Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) Direktorlar Şurasının üzvü seçilmişdir. QMİ sədri bu mötəbər təşkilatda  İslam dininin təmsilçisi olaraq 2021-ci il aprel ayının 30-dək dövr ərzində bu vəzifəni icra edəcəkdir.
          Təşkilatın Baş Katibi d-r Feysəl bin Müəmmarın QMİ sədrinə ünvanladığı məktubunda bu barədə məlumat verilir. Məktubda bildirilir ki, qərar KAICIID Dialoq Mərkəzinin Təsisçilər Şurasının nümayəndələri tərəfindən qəbul olunmuşdur. Şeyxülislam A. Paşazadə ilə bərabər Direktorlar Şurasında Muhammad Bin Saud Universitetinin imamı Hamad Al-Majed, Shanti Ashram təşkilatının direktoru dr. Kezevino Aram, Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının üzvü Yepiskop Migel Ayuso, Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Rissho Kosei-kai prezidenti Kosho Niwano, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Mark Poulson, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Xristian-Müsəlman dialoqu üzrə Milli Komitənin baş katibi dr. Mohammad Sammak təmsil olunacaqlar.
       QMİ-yə daxil olan məktubda KAICIID təşkilatının əmin olduğu vurğulanır ki, Şeyxülislam A. Paşazadə dinlərarası dialoq sahəsində malik olduğu unikal və zəngin təcrübə sayəsində Mərkəzin fəaliyyətinə önəmli töhfələr verəcəkdir.
          KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi cənab Feysəl bin Müəmmər Bakıda keçirilən 13-cü Dünya Skaut Gənclər Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olarkən Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdü. Həmin görüşdə baş katibi olduğu qurumun fəaliyyəti haqda ətraflı məlumat verən baş katib QMİ sədrinin beynəlxalq nüfuzunu, habelə İslam həmrəyliyi, dinlərarası dialoqun, multikulturalizm və tolerantlıq ideyalarının inkişafına verdiyi töhfələri nəzərə alaraq onun namizədliyini KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin idarə heyətinin üzvlüyünə təqdim etmək üçün Şeyxülislam həzrətlərinin razılığını xahiş etmişdi. İslam dininin ali məqsədlərinə, dinlərarası, mədəniyyətlərarası dialoq, sülh və həmrəylik ideyalarının bərqərar olmasına həmişə xidmət etməyə hazır olduğunu bildirən QMİ sədri namizədliyinin irəli sürülməsinə razılıq vermişdi.
     Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qurumun əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Qərargahı Vyana şəhərində yerləşir. Quruma dünyanın müxtəlif ölkələrindən hər 4 ildə bir seçilən 3 müsəlman, 3 xristian, 1 yəhudi, 1 buddist və 1 induist din xadimindən ibarət direktorlar şurası başçılıq edir. Qeyd edək ki, KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır.
        KAICIID Dialoq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə hörmətin artırılmasına yönəlmiş missiyası 25 ölkə, beş qitədən cəlb olunmuş, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır. KAICIID dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, o cümlədən, Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. Həmin layihələr arasında “Avropada qaçqınlar proqramı”, “Din naminə zorakılığa qarşı birlik”, “Dinlərarası və Mədəniyyətlərarası dəstək proqramı”, habelə beynəlxalq təqaüdlü təlim proqramı və digərləri göstərilə bilər. Qeyd olunmuş illik təlim proqramının məqsədi dünyanın müxtəlif ölkələrindən olan, müxtəlif dinləri təmsil edən şəxsləri gələcəyin dini liderləri kimi yetişdirməkdir.
            Azərbaycanın dini liderinin KAICIID Təşkilatının rəhbərliyində yer alması beynəlxalq miqyasda dinlərarası dialoq və əməkdaşlıq prosesində yaxından iştirak etmək, Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli prosesinə real töhfələr vermək baxımından daha bir beynəlxalq tribunada təmsilçilik olaraq təqdirəlayiq haldır və milli-mənəvi maraqlarımızın təmini işinə xidmət edəcəkdir.
 
QMİ-nin Mətbuat Xidməti

Oxunub : 202