Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 5-də İspaniya Krallığına səfərə yola düşür.

         
 
         Səfərdə məqsəd Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birlikdə təşkil etdiyi «İslam Həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.
          Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi Ili çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda keçirilmiş beynəlxalq tədbirlərin ardınca Madriddə baş tutacaq «İslam Həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi» mövzusunda Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Milli Məclis üzvləri, Azərbaycanın tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
        Azərbaycanı QMİ sədri ilə bərabər ənənəvi dini konfessiya başçıları — RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete təmsil edəcəklər.
        İspaniya Krallığı Ədliyyə Nazirliyinin dəstəyi ilə baş tutan bu beynəlxalq tədbirdə yuksək səviyyəli dövlət, hökumət nümayəndələri və din xadimləri, o cümlədən, Valensiya Arxiyepiskopu Kardinal Antonio Kanizares iştirak edəcəklər.
        Nümayəndə heyətinin səfər çərçivəsində İspaniya Senatında, Ədliyyə və Xarici İşlər Nazirliklərində, habelə Madrid meri və dini icma rəhbərləri ilə görüşləri nəzərdə tutulmuşdur.
        Azərbaycan-İspaniya dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı baxımından böyük önəm kəsb edən Madrid Beynəlxalq Konfransına 600 nəfərə yaxın iştirakçının -- Azərbaycan, İspaniya ilə yanaşı Avropa, Asiya, Latın Amerikası, Afrikanın ümumilikdə 60 ölkəsindən tanınmış dövlət, hökümət rəsmilərinin, o cümlədən, 2 nazir, 3 komitə sədrinin, dünyanın müxtəlif dövlətlərinin sabiq dövlət və hökumət başçılarının; dünyanın nüfuzlu dini mərkəzlərinin təmsilçilərinin -- Müqəddəs Taxt-Tacın (Vatikan) kardinalı, Rus Pravoslav Kilsəsinin xüsusi nümayəndəsinin, dini konfessiya rəhbərlərinin, o cümlədən, 3 baş ravvinin; 60 dövlətin İspaniya Krallığında akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin; nüfuzlu ziyalıların, universitet rektorlarının, habelə tanınmış iş adamlarının qatılacağı təsdiq olunmuşdur.
 
QMİ-nin Mətbuat Xidməti
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1486