Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri uğurla başa çatıb

  
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə elan olunuş “2017 İslam həmrəyliyi ili” çərçivəsində oktyabrın 18-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Özbəkistan Nazirlər Kabineti yanında Dini İşlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsi tərəfindən təşkil olunmuş  “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” birgə beynəlxalq konfrans keçirildi. Həmin konfransda  iştirak etmək məqsədilə 17-22 oktyabr tarixlərində geniş tərkibli Azərbaycan nümayəndə heyəti bu ölkədə səfərdə oldu. Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, MM Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru deputat Hikmət Babaoğlu,  Milli Məclisin deputatı Cavanşir Paşazadə və digərləri daxil olmuşlar.
         Özbəkistan prezidenti cənab Şavkat Mirziyoyevin himayəsi altında Daşkəndin Simpoziumlar Sarayında keçirilən birgə Konfransda Özbəkistan, Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Ukrayna, Mərkəzi Asiya, habelə Şərqi Avropa ölkələrindən bir çox dövlət, elm və din xadimi, hər iki ölkədəki dini konfessiyaların rəhbərləri, Özbəkistanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak etdilər. Konfrans iştirakçılarının adına ünvanlanladıqları müraciətlərdə Özbəkistan prezidenti cənab Ş.Mirziyoyev və Azərbaycan prezidenti cənab İ.Əliyev foruma öz xeyir-dualarını verib, onun işinə uğurlar diləyiblər. 
      Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Özbəkistanı və Azərbaycanı bir-birinə bağlayan dostluq və qardaşlıq əlaqələri, iki ölkədə tarixən formalaşmış tolerantlıq və multikulturalizm ənənələri, mədəni-mənəvi və dini mühitin inkişafına dövlət səviyyəsində verilən dəstək, göstərilən qayğı, İslam həmrəyliyi, dinlərarası və mədəniyyətlərarası dialoq baxımından ən yüksək təqdirə layiqdir. Xüsusi vurğulandı ki, Azərbaycan və Özbəkistan prezidentlərinin birbaşa dəstəyi ilə belə bir nüfuzlu beynəlxalq Forumun keçirilməsi müasir dövrün tələblərinə cavab verən qlobal əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir. 
    Konfrans iştirakçıları müasir dövrdə İslam həmrəyliyi, multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq ideyalarının müstəsna əhəmiyyətini xüsusi qeyd edərək bəşəriyyəti təhdid edən ekstremizm, terrorizm, ksenofobiya, islamofobiya, hər cür zorakılıq, vandalizm, dini abidə, atribut və məbədlərin təhqir edilməsi kimi təzahürləri qətiyyətlə pisləmiş, bu kimi təhlükələrə qarşı səylərin birləşdirilməsinin vacibliyini vurğuladılar, dünyada davam edən bütün münaqişələrin beynəlxalq hüquq çərçivəsində, ədalətli sülh yolu ilə həll edilməsinə çağırdılar.
         Konfrans iştirakçıları Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev cənablarının İslam həmrəyliyinin möhkəmlənməsində əvəzsiz xidmətlərini xüsusi vurğulayaraq, Daşkənd Konfransına verdikləri dəstəyə görə hər iki dövlət liderinə öz minnətdarlıqlarını ifadə etdilər.
           Həmin gün Birgə Beynəlxalq Konfrans öz işini başa çatdırdı.
 
       Oktyabrın 19-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadəni və Türkiyə Din İşləri İdarəsinin sədri Əli Ərbaşı qəbul etdi.
     Səmimi şəraitdə keçən qəbulda Özbəkistanın dövlət başçısı, prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsinin İslam dünyası üçün son dərəcə mühüm və zəruri bir təşəbbüs olduğunu qeyd edərək Azərbaycanın bu çağırışına Özbəkistanın tam dəstək verdiyini ifadə edib. Cənab Mirziyoyev Özbəkistan ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsinin zəruriliyini vurğulayaraq Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli mövqeyini müdafiə etdiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birmənalı olaraq yerinə yetirilməsinin tərəfdarı olduğunu xüsusilə qeyd edib.
        Özbəkistan dövlət başçısına 2017 İslam həmrəyliyi ili çərçivəsində keçirilmiş və ilin sonunadək keçiriləcək beynəlxalq tədbirlər haqqında məlumat verən QMİ sədri, bu tədbirlərdən birinin İslam mədəniyyətinin ən önəmli mərkəzlərindən olan Özbəkistanda baş tutmasının olduqca məntiqli və təqdirəlayiq olduğunu qeyd edib. Şeyxülislam Özbəkistan liderinə Daşkənd Birgə Konfransının uğurlu keçməsi üçün göstərdiyi şəxsi himayə, qayğı-diqqətə və yaratdığı hərtərəfli şəraitə görə Konfrans iştirakçıları adından dərin təşəkkürünü bildirdi.
 
        20-22 oktyabr tarixlərdə Azərbaycan nümayəndə heyəti Daşkənd, Səmərqənd və Buxara şəhərlərində yerləşən bir sıra tarixi din və mədəniyyət abidələrini, o cümlədən, Daşkənddə “Barak xan” və Əmir Teymur tərəfindən Səmərqəndə gətirilmiş VII əsrə aid Qurani-Kərimin saxlandığı “Muy Mubarak” mədrəsələrini, Minor məscidini, İmam Buxari adına Daşkənd İslam İnstitutunu, Dövlət İslam Universitetini; Səmərqənddə məşhur İslam alimi İmam Buxarinin, Əmir Teymurun, Özbəkistan Respublikasının birinci prezidenti İslam Kərimovun məzar komplekslərini, Xoca Daniyar məqbərəsini, Uluqbəy rəsədxanasını, Reqistan meydanını; Buxarada görkəmli İslam xadimi İmam Bahauddin Nəqşibəndinin, Samanilər dövlətinin hökmdarı İsmayıl Samaninin məqbərələrini ziyarət ediblər.
       Səfərin sonunda nümayəndə heyəti, vaxtilə Şeyxülislam Allahşükür Paşazadənin, eləcə də MDB məkanının bir çox müasir müsəlman elm və din xadimlərinin təhsil aldıqları məşhur Mir Ərəb Mədrəsəsini ziyarət edib, Buxarada keçirilən “Şəhər Günü” bayramına qatıldılar.
         Oktyabrın 22-də Azərbaycan nümayəndə heyəti vətənə qayıdıb.
 
 
* Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1926