Moskvada Qafqaz Müsəlmanları İdarəsi sədrinin və bütün ermənilərin katolikosunun görüşü keçirilib

  
Sentyabrın 8-də Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qareginin görüşü keçirilib.
 
AZƏRTAC xəbər verir ki, Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin vasitəçiliyi ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər məsələlər müzakirə edilib.
 
Görüşdən sonra Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qareginin müşayiəti ilə jurnalistlər qarşısına çıxıb. Patriarx qeyd edib ki, fikir ayrılığını yalnız mehriban qonşuluq prinsiplərinə və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq olar. Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar və buna görə də sülh və əməkdaşlıqdan savayı perspektiv yoxdur. “Biz münaqişə ilə bağlı bütün humanitar problemlərin tezliklə sülh yolu ilə həll edilməsi üçün dua edirik və xalqlarımızın siyasi və ictimai xadimlərini buna çağırırıq”, - deyə o, vurğulayıb.
 
Kirill hərbi əməliyyatlarda iştirak etməyən və əsir düşmüş dinc sakinlərin azad edilməsinə çağırıb. O, Müharibə zonasındakı məbədlərin, məscidlərin və digər müqəddəs yerlərin qorunmasının vacibliyini vurğulayıb.
 
Moskvanın və bütün Rusiyanın patriarxı hər iki ölkənin xalqlarını gəncləri qarşılıqlı hörmət, sülhə rəğbət ruhunda tərbiyə etməyə çağırıb.
 
Görüşün yekunlarına dair birgə bəyanat imzalanıb. Bəyanatda deyilir: “Biz münaqişənin hərtərəfli həllinə yönəlmiş sülh dialoqunun inkişafına, beynəlxalq birliyin danışıqların davam etdirilməsinə dair vasitəçilik missiyasına xüsusi əhəmiyyət veririk. Əminik ki, fikir ayrılığını yalnız mehriban qonşuluq prinsiplərinə və ənənəvi dinlərin aşıladığı mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq olar. Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar. Buna görə də sülh və əməkdaşlıqdan başqa heç bir perspektiv yoxdur. Çoxsaylı çağırışlar qarşısında biz, dini liderlər ümumi razılığa gəlməliyik. Biz münaqişə ilə bağlı bütün humanitar problemlərin tezliklə sülh yolu ilə həll edilməsi üçün dua edirik və xalqlarımızın siyasi və ictimai xadimlərini buna çağırırıq.
 
Biz əzabkeşlər və evsiz-eşiksizlərin qayğısına qalmalı, fikir ayrılıqlarının sülh yolu ilə ədalətli həllinə səy göstərməliyik. Hərbi əməliyyatlarda iştirak etməyən və əsir düşmüş dinc sakinlərin azad edilməsinə cavabdeh şəxslərə müraciət edərək bu məsələdə yardımçı olmağa çağırırıq.
 
Biz dini liderlər kimi məbədləri, məscidləri və digər müqəddəs yerləri müdafiə etməyə çağırırıq. Dini əhəmiyyətli abidələrin toxunulmazlığının təmin edilməsi olduqca vacib məsələdir.
 
Gənc nəsli xeyirxahlıq, qarşılıqlı hörmət, sülhə rəğbət ruhunda tərbiyə etməyə çağırırıq”.
 
 

Oxunub : 270