Heydər məscidində vəhdət namazı: Azərbaycan 15 iyul şəhidlərinin xatirəsini ehtiramla anır

  
Ötən il iyulun 15-də Türkiyədə yaşanan qanlı hadisələr, öz dövlətçiliyini fədakarlıqla qoruyan türk xalqının mətinliyi Azərbaycanda əsl qəhrəmanlıq nümunəsi kimi qiymətləndirilir, həmin gecə şəhid olanların xatirəsi ehtiramla anılır. Bakıdakı Heydər məscidində qılınan vəhdət namazı qardaşlığımızın sarsılmazlığını, xalqlarımızın birlik və həmrəyliyini bir daha nümayiş etdirdi.
 
AZƏRTAC xəbər verir ki, iyulun 15-də Bakıdakı Heydər məscidində yüzlərlə dindarın iştirakı ilə vəhdət namazı qılınıb, Türkiyə dövlətçiliyi naminə canlarını fəda etmiş qəhrəman şəhidlərin ruhuna dualar, müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
 
Vəhdət namazından əvvəl çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu gün Azərbaycanın bütün məscidlərində Türkiyədə 15 iyul hadisələri zamanı qəhrəmancasına həlak olmuş insanların xatirəsi ehtiramla yad olunur.
 
Türkiyədə bir il əvvəl baş vermiş hadisələrdən danışan Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: “15 iyul gecəsi öz rəhbərinin çağırışı ilə səfərbər olan Türkiyə xalqı azan sədaları altında qırıcı təyyarə və tanklara üstün gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə xalqı öz dövlətçiliyini müdafiə etməyi bacardı. İllərdir Türkiyə dövləti amansız terrorun hədəfindədir. Onilliklərlə öz fitnə təbliğatını hiyləgərcəsinə qura bilmiş FETÖ şəbəkəsi Türkiyə xalqına və dövlətinə xaincəsinə zərbə vurmağa qalxdıqda türk milləti bu məkrli hadisənin qarşısını qətiyyətlə almaq qüdrətini nümayiş etdirdi. Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədən, öz xalqına, dövlətçiliyinə xəyanət edənlərin mənfur niyyətləri Türkiyə dövlətinin və xalqının birliyi, qətiyyətli iradəsi qarşısında puç oldu”.
 
Allahşükür Paşazadə vurğulayıb ki, Azərbaycan xalqı və dövləti hər zaman Türkiyə xalqı və dövlətinin yanındadır. Bütün dünya da bunu bilməlidir ki, Türkiyə və Azərbaycan xalqları və dövlətləri, ələlxüsus möhtərəm dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın timsalında dostluq və qardaşlığımız, mənəvi birliyimiz sarsılmazdır.
 
Bu tədbirin təşkilinə görə, Qafqaz Müsəlmanları İdarəsinə təşəkkür edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd edib ki, Atatürkün dediyi kimi, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir, ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. “15 iyul hadisəsi zamanı şəhid olanlar, həm də Azərbaycanın şəhidləridir, eyni zamanda, Qarabağda, Xocalıda, Alxanlıda şəhid olanlar Türkiyə şəhidləridir”,- deyə diplomat vurğulayıb.
 
Sonra Türkiyədə 15 iyul hadisələri zamanı şəhid olan insanların xatirəsinə vəhdət namazı qılınıb.
 
Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdi zamanı konstitusiya quruluşunun müdafiəsinə qalxan 250 nəfər şəhid olub, 2000-dən çox insan isə yaralanıb.
 

Oxunub : 1921