QMİ sədri Türkiyə prezidentini təbrik edib.

  
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cumhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğana aprelin 15-də keçirilən ümummilli referendumla əlaqədar təbrik məktubu ünvanlayıb.
 
Məktubda deyilir:
 
Möhtərəm cənab Prezident!
          
            Qardaş Türkiyə Cümhuriyyətinin Konstitusiyasına dəyişikliyi nəzərdə tutan ümumxalq səsverməsinin – referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Azərbaycan, Qafqaz müsəlmanları və şəxsən öz adımdan Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını səmimi qəlbdən təbrik edir, Cənabınızın Türkiyə dövlətinin rifahı, türk millətinin səadəti naminə gördüyünüz bütün işlərə Allah-Təaladan xeyir-dualar diləyirəm. Qardaş Türkiyə dövlətinin və xalqının həyatında yeni, parlaq mərhələ olacaq bu dönəmin xeyirlərə vəsilə olmasını Uca Rəbbimizdən təvəqqe edirik.
 
Zati-aliləri! Bu qələbənin qürur və şərəfini yaşamağa tam haqqınız vardır. Rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyasının dövlət və millət naminə apardığı siyasətə, gerçəkləşdirdiyi fəaliyyətə verilən bu böyük dəyərin qazanılmasında, xalqın dəstək və etibarına nail olunmasında şəxsən Sizin rolunuz mühüm, Türkiyə xalqının rifah və tərəqqisi, dünya çapında mövqelərinin güclənməsi yolunda əməli fəaliyyətiniz həlledici olmuşdur.
 
Zati-aliləri! Bir daha bütün Azərbaycan müsəlmanları adından Sizi ürəkdən təbrik edir, Uca Yaradandan cənabınıza can sağlığı, uzun ömür və Türkiyə dövlətinin qüdrəti, türk-İslam dünyasının yüksəlişi naminə möhtəşəm fəaliyyətinizə yeni uğurlar diləyirəm.
 
Qoy Uca Allah Türkiyəni hər zaman ucada qərar versin və Türkiyə-Azərbaycan qardaşlığını hifz etsin. Amin!
 
 
  Dərin hörmət və ehtiramla
 
 
Şeyxülislam
Allahşükür PAŞAZADƏ
 
 
Qeyd edək ki, QMİ sədri bu münasibətlə eləcə də Türkiyə Diyanət İşləri Başqanı dr. Mehmet Görməzə təbrik məktubu göndərib.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 222