Şeyxülislam həzrətlərinin “İslam həmrəyliyi-zamanın çağırışı” adlı Beynəlxalq Konfransdakı çıxışı

  
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
 
Möhtərəm Beynəlxalq Konfrans iştirakçıları, dəyərli qonaqlar!
Hörmətli Sədarət!
 
          Bugünkü mötəbər tədbirimizdə Sizlərin hər birinizi – dövlət, din və elm xadimlərini, diplomatik korpus nümayəndələrini salamlamaqdan böyük şərəf duyur, hamınıza Uca Allahdan xeyir-dualar diləyirəm Konfransımızın Təşkilat Komitəsində təmsil olunan qurumlara səmərəli əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Məclisimizə şərəf verərək təbriknamə və yüksək təmsilçilərini yönəltmiş Zati-müqəddəsləri Moskva və Bütün Rusiya Patriarxı Kiril həzrətlərinə, Zati-müqəddəsləri Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətlərinə, habelə tədbirimizə təşrif buyurmuş İranın sabiq Xarici işlər naziri cənab Möttəkiyə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament birliyinin baş katibi doktor Kılıca, dəvətimizi qəbul edib tədbirimizə qatılan digər dəyərli şəxsiyyətlərə dərin minnətdarlığımı bildirmək istərdim.
 
 
         Möhtərəm Konfrans iştirakçıları! Bu bir həqiqətdir ki, dünyada yaşanan böhranlara, qarşıdurma və münaqişələrə baxmayaraq, dünyamızı məhvərindən çıxmaga qoymayan əbədi dəyərlər mövcuddur. Bunların sırasında müxtəlif millət və etiqad sahiblərinin dinc birgəyaşayışı, qarşılıqlı anlaşma mədəniyyəti mühüm yer tutur. Səmavi dinlərin hər biri insanlara hidayət yolunu göstərmək üçün Allah tərəfindən göndərilmişdir. İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyaları həm müsəlman ümməti, həm bütün qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb edir.
 
 
       Azərbaycan hicri tarixinin erkən dövrlərindən İslamın yayılmasında böyük rol oynamışdır. Əsrlər boyunca İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi Müsəlman İntibahında mühüm rol oynamış Azərbaycan bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biridir və ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qorumaqdadır.
 
 
          Hörmətli Konfrans iştirakçıları! Tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət, İslami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda, şükürlər olsun ki, sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Təbii ki, burada dövlət rəhbərimizin siyasi iradəsi böyük önəm daşıyır. Dövlət başçımız İlham Əliyevin xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısına çevrilməsi, ölkəmizin Humanitar və Mədəniyyətlərarası dialoqa dair Qlobal Forumlara mütəmadi olaraq evsahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərdir.
 
 
         İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz olmuş Ulu Öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik dururdu. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir. Multikulturalizm ümumbəşəri sərvət, İslam həmrəyliyi isə onun tərkib hissəsidir. İslam həmrəyliyi təkcə İslam ölkələri deyil, bütün dünya üçün, dinlərarası münasibətlərin yaxşılaşması üçün gözəl imkan kimi dəyərləndirilməlidir.
 
 
         Azərbaycanda dini-mənəvi irsimiz elmlə dinin vəhdəti zəminində inkişaf edir, İslami maarifləndirmə işlərinə böyük önəm verilir. İslam dəyərlərinin ümumbəşər əhəmiyyətinə dəyər verən dövlət başçımız İlham Əliyev müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində səy göstərir. Azərbaycanın dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılışı, Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsi - Azərbaycanın sərgisinin təşkili bizim ümumislam mədəniyyətinə olan töhfəmizdir. İslam həmrəyliyi oyunlarının keçiriləcəyi məkan olaraq Bakının seçilməsi də buna bariz nümunədir.
 
 
          Möhtərəm Konfrans iştirakçıları! Bu gün dünyada dini və milli zəmində ekstremizmin tüğyanı, ksenofobiya, islamofobiya, radikalizm təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən amil, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir. Dünyanın müxtəlif nöqtələrində, o cümlədən Yaxın Şərqdə, Suriyada, Fələstində, İraqda, Türkiyədə səngimək bilməyən terror, insan qırğını, dini-mədəni irsin məhvi prosesləri - zamanında müsəlman aləmində həmrəyliyin olmaması səbəbindən yaşanan ümumbəşəri faciələrdir. Bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər. Müqəddəs Qurani-Kərimin Ə’raf surəsinin 85-ci ayəsinin təfsirində: «Allah-Təalanın bəşər üçün mükəmməl şəkildə xəlq etdiyi Yer üzündə fitnə-fəsad törətməyin, qan tökməyin, Tanrının yaratdığı həyatı, insanı məhv etməyin» - deyə əmr olunur.
 
 
       Uzun illər davam edən, regionumuzda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, biz torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan artıq məcburi köçkünün yaranması ilə nəticələnmmiş bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllini tələb edir, dünyada bütün mövcud münaqişələrin ədalətli sülh yolu ilə həllini tapması üçün siyasi xadimlərin, dini liderlərin, dünya ictimaiyyətinin səylərini artırmasını zəruri sayaraq, Uca Yaradana dualar edirik.
 
 
         Hörmətli Konfrans iştirakçıları! İnanırıq ki, Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində səyləri ilə də öz örnəyini meydana qoyacaqdır. Dinlər və mədəniyyətlər arası dialoq və əməkdaşlığa önəmli töhfələr vermiş Mehriban xanım Əliyevanın birinci vitse-prezidentlik dönəmi də xalqımız və dövlətimiz üçün xeyirlərə vəsilə olacaq, dövlətimizin qlobal əhəmiyyətli məsələlərin həllinə töhfəsinin artmasına səbəb olacaqdır, inşallah.
 
 
         Bütün səmavi dinlər bəşərə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin edir. Qoy Azərbaycanın dövlət başçısının elan etdiyi İslam həmrəyliyi ili dünyamızda sülh, ədalət və qardaşlığın təməlinin qoyulmasına xidmət etsin, inşallah! Amin!
 
 
        Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 457