“İslam həmrəyliyi-zamanın çağırışı” mövzusunda Beynəlxalq Konfrans keçirildi

  
Martın 15-də “Hilton Baku” otelində “İslam həmrəyliyi-zamanın çağırışı” adlı Beynəlxalq Konfrans öz işinə başladı. Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkil etdiyi tədbir ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi ili” çərçivəsində keçirilir.
 
 
İslam aləmi və bütünlükdə dünya üçün vacib bir məsələyə həsr edilən konfransda müxtəlif ölkələrin hökumət nümayəndələri, Azərbaycan rəsmiləri, Milli Məclisin üzvləri, Bakıda akkreditə olunan diplomatlar, beynəlxalq nümayəndəliklərin rəhbərləri, tanınmış elm və din xadimləri, müxtəlif dini konfessiyaların başçıları iştirak edirdi.
 
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin moderatorluğu ilə öz işinə başlayan tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirildi və sonra Qurani-Kərim tilavət olundu. Konfrans iştirakçıları üçün Azərbaycandakı multikulturalizm dəyərlərindən bəhs edən “Bakı dünyanı sülhə çağırır” adlı sənədli film nümayiş etdirildi.
 
 
QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək qonaqları salamladı və tədbirin əhəmiyyəti barədə danışdı. (Şeyxülislam həzrətlərinin çıxışının tam mətni yaxın saatlarda saytımızda yerləşdiriləcək).
 
 
Azərbaycan Respublikası Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ölkə prezidenti İlham Əliyevin “İslam həmrəyliyi-zamanın çağırışı” mövzusunda keçirilən Beynəlxalq Konfransın iştirakçılarına ünvanladığı məktubu diqqətə çatdırdı.
 
 
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış etdilər.
Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin konfransa göndərdiyi məktubu Novqorod və Starorus Mitropoliti Lev oxudu. Gürcüstan Pravoslav Kilsəsinin nümayəndəsi Giya Zviadadze isə Ümumgürcüstan Patriarxı İliyanın məktubunu tədbir iştirakçılarına təqdim etdi.
 
 
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, İran İslam Respublikasının sabiq xarici işlər naziri Məniçöhr Mottəki, İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin Baş katibi Mahmud Erol Kilıc, Türk Mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyeva, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Baxrom Abdulxalimov, Moskva Patriarxlığının təmsilçisi Arximandrit Filaret konfrans iştirakçıları qarşısında çıxış etdilər.
 
 
Tədbirin ikinci bölümü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının moderatorluğu ilə keçirildi.
 
 
Bu bölmədə parlamentin üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyevin, millət vəkili, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı Direktoru Azad Məmmədovun, Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri, Müfti Əhməd Təmimin, Qırğızıstan Respublikası Prezidenti Aparatının Etnik, dini siyasət və vətəndaş cəmiyyəti ilə əlaqələr şöbəsinin əməkdaşı Kubanıçek Abakirovun, QMİ-nin Moskvadakı nümayəndəliyinin rəhbəri Şafiq Pşixaçevin çıxış və məruzələri dinlənildi.
Beynəlxalq konfransın sonuncu-üçüncü bölümünə isə millət vəkili, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli moderatorluq etdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Tacikistan Elmlər Akademiyasının akademiki Karamatullo Olimov, Belarus Müftisi Əbubəkr Şabanoviç, Azərbaycandakı Dağ Yəhudiləri dini İcmasının rəhbəri Melix Yevdayev,  ölkəmizdəki katolik icmasının rəhbəri Vladimir Fekete, Azərbaycandakı Alban-udi icmasının başçısı Robert Mobili, Dağ Yəhudiləri sinaqoqunun ravvini Seqal Şneyr çıxış edərək fikir və mülahizələrini bildirdilər.
 
 
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı “İslam həmrəyliyi-zamanın çağırışı” Beynəlxalq Konfransının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırdı. (Müraciətin tam mətni ilə saytımızda tanış ola bilərsiniz).
 
İclasın yekununda “İslam həmrəyliyi-zamanın çağırışı” mövzusunda keçirilən Beynəlxalq Konfransın iştirakçıları dünya ictimaiyyətinə müraciət qəbul etdilər. Sənədi Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev oxudu. (Müraciətin tam mətni ilə saytımızda tanış olmaq mümkündür).
 
Sonda xatirə şəkili çəkildi.
 
 
 
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.
 
 
 

Oxunub : 501