Türkiyəli jurnalistlər QMİ-də

  
Yanvarın 17-də Türkiyədə fəaliyyət göstərən on4 Televiziya Kanalının İdarə Heyətinin sədri Kadir Akarasın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində olub.
 
Qonaqlarla görüşən QMİ sədrinin müavini Hacı Fuad Nurullayev onlara Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin salamlarını çatdırıb. Hacı Fuad Nurullayev QMİ-nin tarixi və müstəqillik qazandıqdan sonra ölkəmizin ictimai həyatındakı mühüm rolundan danışıb. QMİ sədrinin müavini bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri modeli dünya ölkələri üçün bir nümunə sayıla bilər. Ölkədə müxtəlif dinlərə mənsub insanalar yaşayır və dini ayinlərini azad şəkildə icra edirlər, dini icmaların fəaliyyəti qanunla tənzimlənir. Hacı Fuadın sözlərinə görə, Azərbaycanda İslam məzhəbləri arasında münasibətlər yüksək səviyyədədir, hər iki məzhəbin ardıcılları eyni məsciddə namaz qılır, dini bayramları birlikdə qeyd edirlər. Ötən il Azərbaycanda “Multikulturalizm ili” olduğunu xatırladan QMİ sədrinin müavini bununla bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, ölkə prezidentinin sərəncamı ilə bu ilin “İslam həmrəyliyi ili” elan olunduğunu bildirib.
 
On4 TV-nin İdarə heyətinin sədri Kadir Akaras rəhbərlik etdiyi kanalın məqsədi və fəaliyyəti barədə məlumat verib. Qonaq bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə təkcə Azərbaycan və Türkiyədə deyil, bütün müsəlman aləmində nüfuzlu din xadimi kimi tanınır. Onun regionda sülh və sabitliyin əldə olunması yolundakı fəaliyyəti on4 tv-də daim işıqlandırılır.
 
Azərbaycandakı prosesləri yaxında izləyən türkiyəli junaslist onu da qeyd edib ki, başçılıq etdiyi nümayəndə heyəti budəfəki səfərdə 20 Yanvar hadisələri barədə geniş reportaj hazırlayacaq, o cümlədən, ölkəmizdəki dini mühitlə, tarixi məscidlərimizin dövlət tərəfindən təmir-bərpa olunması ilə bağlı ətraflı məlumat verəcək.
 
Görüşdə digər məsələlər barədə geniş müzakirə aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.
 
Sonda QMİ sədrinin müavini qonaqlara son illər idarənin nəşr etdirdiyi kitabları hədiyyə edib.

Oxunub : 1635