Şeyxülislam İranın sabiq prezidenti Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib

 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfat etməsi ilə əlaqədar bu ölkənin Ali Dini rəhbəri
 Ayətullah-üzma Seyid Əli Xamneyiyə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir:
 
Möhtərəm Ayətullah-üzma həzrətləri!
 
         Qardaş İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Haşimi Rəfsəncaninin vəfatı haqqında xəbər bizləri hədsiz sarsıtdı. Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına dərin hüznlə başsağlığı verir, Uca Allahdan rəhmət diləyirəm.
 
         Ayətullah-üzma Xomeyninin dəyərli ardıcıllarından olan Ayətullah Haşimi Rəfsəncani öz adını İran İslam Respublikasının şanlı tarixinə həkk etdirməyə qadir olmuş dəyərli şəxsiyyətlərdən idi. Üzun illər ərzində fəaliyyəti agayi Rəfsəncanini müdrik dövlət və din xadimi kimi səciyyələndirir. Bu müdrik şəxsiyyətin İran və Azərbaycan xalqları və dövlətləri arasında əlaqələrin yuksək səviyyəsi üçün səy və əməlləri heç bir vaxt xatirimizdən silinməz. Azərbaycan müsəlmanları bu ağır itkinin  kədərini Sizlərlə bölüşürlər, məscidlərdə Quran oxunur, mərhumun ruhuna dualar edilir.
 
 
          Möhtərəm Ali Dini rəhbər! Həzrətlərinizə dərin ehtiramımızı yetirərək, Allah-Təaladan İslamın rifahı naminə gördüyünüz bütün işlərdə Sizə yardımçı olmasını diləyirəm. Bir daha səmimi başsağlıqlarımızı qardaş İran xalqına yetirir, Uca Allahdan Öz Lütf və Mərhəmətini hər zaman bizim xalqlarımız və dövlətlərimiz üzərində bərqərar etməsini diləyirəm!
         Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
       
        Dərin hüznlə
 
Şeyxülislam
Allahşükür PAŞAZADƏ

Oxunub : 648