Şeyxülislam A.Paşazadənin “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” konfransında çıxışının tam mətni

  
                                   BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM!
Möhtərəm dövlət və din xadimləri!
Qafqaz Xalqları Ali Dini Şurasının möhtərəm üzvləri!
Hörmətli səfirlər, qonaqlar!
Dəyərli Konfrans iştirakçıları!
        Bugünkü mötəbər tədbirimizdə hamınızı ürəkdən salamlayır, hər birinizə Uca Yaradanımızın Lütf və Mərhəmətini diləyirəm.
     Biz məclisimizi müqəddəs Qur`ani-Kərimin tilavəti ilə açdıq. Ona görə də istərdim ki, oxunan Qur`an xatirinə ilk növbədə Azərbaycanın istiqlalı, ümumən Qafqaz bölgəsi üçün böyük xidmətlər göstərmiş Ulu öndərimiz Heydər Əliyevi, onun dövlətimiz, xalqımız üçün, milli-mənəvi dəyərlərimizin dirçəlişi üçün atdığı tarixi addımları  vəfatının anım günləri ərəfəsində minnətdarlıqla yad  edək. Müstəqilliyimizin və dövlətçiliyimizin qurucusu Heydər Əliyevə və ömür gün yoldaşı mərhum akademik Zərifə xanıma Allah-Təaladan rəhmət diləyirik!   Həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, əzəli Qarabağ torpaqları uğrunda canlarından keçən qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! 
       Hörmətli Konfrans iştirakçıları!
Tədbirimizin bu ayda keçirilməsi bir neçə əlamətdar hadisələrlə əlaqədardır.  Bildiyiniz kimi, bu günlərdə İslam aləmi Xatəmül-Ənbiya Peygəmbərimiz Muhəmməd Salavatullahın mübarək Mövludunu qeyd edir. Bu Vəhdət bayramı münasibətlə bütün dünya müsəlmanlarını, o cümlədən, Azərbaycan, Qafqaz müsəlmanlarını səmimi qəlbdən təbrik edirəm. Allah-Taala Peyğəmbərimiz Muhəmməd (s) xatirinə dünyamıza sülh, xalqlarımıza əmin-amanlıq bəxş etsin! Amin!
   Bu ay, həmçinin  möhtərəm Prezidentimiz İlham Əliyev həzrətlərinin təvəllüd günü ilə əlamətdardır. Milli və dini dəyərlərimizin inkişaf etdirilməsi üçün böyük xidmətləri olan müdrik dövlət başçımızı şəxsən öz adımdan, bütün Azərbaycan və Qafqaz dindarları adından ürəkdən təbrik edir, ona və nəcib ailəsinə Uca Allahın ən gözəl nemətlərini diləyirəm.    Milliyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının Prezidenti olan möhtərəm dövlət başçımıza, onun Azərbaycan xalqı və dövləti naminə misilsiz, fədakar fəaliyyətinə Uca Yaradanımızdan  uğurlar arzulayıram. Allah xalqımıza müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda Haqq işimizin qələbəsini nəsib etsin, inşallah!
        Bu gün  çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda Ulu öndər  Heydər Əliyev tərəfindən əsası qoyulan din-dövlət münasibətləri yüksək səviyyədə davam və inkişaf etdirilir. Azərbaycanda daxili sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır.
       Son zamanlar dünyada faciəvi hadisələrin, dini və milli zəmində radikallaşmanın, ekstremizmin, mənəvi dəyərlər böhranının, miqrant probleminin yaşandığı bir dövrdə Azərbaycanın multikultural həyat tərzi nadir bir mədəniyyət nümunəsidir. Bu,  bizim həyat tərzimizdir. Biz bunu örnək olaraq dünyaya təqdim edirik və fəxr edirik ki,  bu elitar ideyanın müəllifi Zati-aliləri İlham Əliyevdir.  Eyni zamanda, milli-mənəvi mədəniyyətimizin təbliğində müstəsna xidmətləri olan Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.
         Hörmətli Konfrans iştirakçıları!
Qafqaz Xalqları Ali Dini Şurasının yaranması tarixi zərurətdən irəli gəlmişdir. Şuranın Qafqazın dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün dini konfessiyalarla əməkdaşlıq etməsi bölgədə tarixən formalaşmış multikultural ənənələrə sadiqliyin bariz nümunəsidir. Yarandığı andan etibarən bu Şuraya rəhbərlik etmək mənim üçün şərəf, eyni zamanda, böyük məsuliyyətdir. Vaxtilə Ulu Öndərimiz Heydər Əliyev, bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev cənabları Şuramızın fəaliyyətinə hər zaman dəyər vermiş, Qafqazın din xadimlərinə ehtiram nümayiş etdirərək, təşəbbüs və səylərimizi dəstəkləmişlər.  Azərbaycan dövlət rəhbərinin maddi və mənəvi yardımı sayəsində ərsəyə gələn möhtəşəm Təzəpir, Əjdərbəy, Şamaxı Cümə, Heydər məscid komplekslərinin, həmçinin, Şimali Qafqazda yeni məscidlərin, dini təhsil müəssisələrinin fəaliyyətinə edilən töhfələr Qafqaz xalqları Ali Dini Şurasının bir ictimai qurum kimi  daha da inkişaf etməsinə səbəb olmuş,   Zati-aliləri İlham Əliyev həzrətləri ilə səmimi  qardaşlıq görüşləri dəyərli ənənəyə çevrilmişdir.
QXADŞ üzvləri bir sıra mötəbər toplantılarda, o cümlədən, bu il  ABŞ, İsveç, Böyük Britaniya, İspaniya və İordaniyada, eləcə də Qafqazın bir sıra şəhərlərində  baş tutan Konfranslarda bölgə dindarlarının mövqeyini təmsil ediblər. Müqəddəs dinimiz İslamın terrorizmlə, islamofobiya təzahürləri ilə mübarizəsi Qafqaz xalqları Ali Dini Şurasının fəaliyyətində hər zaman önəmli yer tutub.
Bugünkü konfrans - Qafqaz ailəsinin ümumi rifah və mənafelərinə xidmət amalına sadiqliyin nümayişidir. Bu tədbirin davamı olaraq, İran İslam Respublikası hökümətinin dəvəti ilə QXADŞ  bu ölkəyə səfər edəcək və orada “Qafqazda İslam” mövzusunda Konfransda iştirak edəcəkdir. Rusiya, İran və Azərbaycan prezidentlərinin regional və qlobal problemlərin həllinə böyük töhfə verən üçtərəfli görüşləri kimi, ölkələrimizin din xadimlərinin də dost və qonşu xalq və dövlətlərin mənafeyinə, dini-mədəni mübadiləsinə  xidmət etməsini Allahdan arzu edirik!

Oxunub : 1524