Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda konfrans keçirildi

 
Dekabrın 1-də Bakıda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda konfrans keçirildi. Konfransda dövlət rəsmiləri, xarici dövlətlərin ölkəmizdəki səfirləri, dini icmaların rəhbərləri, Azərbaycandakı digər konfessiyaların təmsilçiləri iştirak edirdi. 
Açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Qurani-Kərim tilavət olundu, şəhidlərin ruhu ehtiramla yad edildi.
Qafqaz Müsəlmanları İdarəsinin və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadə açılış nitqi ilə çıxış etdi. Şeyxülislam həzrətləri Azərbaycanda din-dövlət münasibətləri, bu sahədə görülən işlər barədə danışdı, Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması sahəsindəki xidmətlərini xatırlatdı. QMİ sədri bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Ölkə başçısının bu ili Azərbaycanda “Multikulturalizm ili” elan etdiyini xatırladan Şeyxülislam həzrətləri Qafqazda tolerantlıq ənənələri, ölkəmizin multikulturalizm modeli barədə ətraflı danışdı. (QMİ sədrinin çıxışının tam mətni ilə saytımızda tanış ola bilərsiniz).
Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu.
Sonra Azərbaycanın multikulturalizm dəyərlərindən bəhs edən “Bakı dünyanı sülhə çağırır” filmi nümayiş etdirildi.
Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin müraciətini Rus Pravoslav Kilsəsinin Mahaçqala və Qroznı Yeparxiyasının yepiskopu Varlaam çatdırdı. Gürcüstan Pravoslav Kilsəsinin yepiskopu Dmitriy Bütün Gürcüstanın Patriarxı İliyanın məktubunu oxudu.  
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Azərbaycanda din-dövlət münasibətləri, xalqımızın tolerantlıq ənənələri barədə çıxış etdilər.
Qafqaz Müsəlmanları İdarəsinin və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirdi ki, konfransdan bir gün əvvəl Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti toplantısı keçirilib. Şeyxülislam həzrətləri qurumun iclasında müzakirə olunan məsələlər barədə toplantı iştirakçılarına məlumat verdi. Şeyxülislam Allahşükür Paşazadə regionda sülhün qorunmasında, milli-mənəvi məsələlərin yaşadılmasında Qafqaz Xalqları Ali Dini Şurasının xidmətləri olduğunu xatırlatdı, qurumun terror nəticəsində qətlə yetirilən üzvlərini yad etdi.
Xatırladaq ki, Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ildə təsis edilib, qurum Azərbaycan, Gürcüstan, Rusiya Federasiyasının Çeçenistan, Dağıstan, Kabarda-Balkar, İnquşetiya, Qaraçay-Çərkəs və Adıgey respublikalarında yaşayan din xadimlərini öz ətrafında birləşdirib. Öz fəaliyyəti ilə bölgə müsəlmanlarının tarixi dini mərkəzi kimi təsdiqlənmiş Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə yekdilliklə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilib və elə o vaxtdan bu vəzifəni uğurla davam etdirir. Qurumun üzvləri eyni zamanda, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Koordinasiya Şurasının üzvləri olaraq, regionda, birlik ölkələrində cərəyan edən hadisələrə biganə qalmır, xalqlarımızın taleyi üçün önəm kəsb edən məsələlərdə müdrik mövqe, örnək yanaşma nümayiş etdirirlər.
Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə Azərbaycan paytaxtında, eləcə də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarında tez-tez müxtəlif konfranslar keçirilir.
Qurumun üzvləri “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda keçirilən konfransda da fəal iştirak edirdilər. Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikası Müsəlmanları Ruhani İdarəsinin sədri, Müfti Hacımurad Qatsalov, RF Dağıstan Respublikası Müsəlmanları İdarəsi sədrinin müavini Əhməd Kaxayev, RF Çeçenistan Respublikası Müfti Aparatının rəhbəri Sübyan Kurbanov, Beynəlxalq İslam Missiyasının sədri, QMİ-nin Moskvadakı nümayəndəsi Şafiq Pşixaçev çıxış edərək Azərbaycan Prezidentinin milli-mənəvi dəyərlərin qorunması sahəsindəki fəaliyyətini yüksək dəyərləndirdilər. Çıxışçılar regionda sülhün qorunmasına verdiyi töhfələrə görə Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlıq etdilər.
Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin dini məsələlər müşaviri Kamil Günəş, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi, Dağ Yəhudiləri dini icmasının sədri Melix Yevdayev, QMİ Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev çıxış edərək konfransın əhəmiyyətindən danışdılar.
Sonda Qafqaz Xalqları Ali Dini Şurasının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti oxundu. (Müraciətin tam mətni ilə saytımızda tanış ola bilərsiniz).
Konfrans iştirakçıları elə həmin gün Fəxri Xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin və xanımı, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdilər.

Oxunub : 2015