Şeyxülislam Vatikanın nümayəndə heyətini qəbul edib

Avqustun 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanın Protokol Xidmətinin Papanın xarici səfərlərinin təşkili məsələləri üzrə məsul şöbəsinin rəhbəri Monsenyor Maurisio Rueda Beltzin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
Müqəddəs Taxt-Tacın nümayəndə heyətini Vatikanın Cənubi Qafqaz üzrə nümayəndəsi Apostol Nunsisi Arxiyepiskop Marek Solçinski müşayiət edirdi.
QMİ sədri Şeyxülislam A.Paşazadə, Monsenyor Maurisio Rueda Beltz və Nunsi Marek Solçinski Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluqlarını bildirdilər və Qafqazın tarixi dini mərkəzi olaraq Qafqaz Müsəlmanları İdarəsi ilə dini-mənəvi əlaqələrin inkişaf perspektivlərini müzakirə etdilər. Bu əlaqələrin dərinləşməsində din xadimlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətli rol oynadığı fikri xüsusi vurğulandı. QMİ sədri Azərbaycanın konfessiya rəhbərləri ilə bərabər Vatikana etdiyi səfəri, habelə Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə fəal iştirakını yüksək dəyərləndirdiyini bildirdi, bu səfərlərin Azərbaycanın multikultural dəyərlərinin təqdimatı baxımından böyük önəm daşıdığını qonaqların diqqətinə çatdırdı.
Görüşdə Müqəddəs Taxt-Tacın başçısı Zati-müqəddəsləri Papa Fransiskin yaxınlarda Azərbaycana edəcəyi səfər və onun detalları barədə Şeyxülislam A.Paşazadə ilə müzakirə və məsləhətləşmələr aparıldı.
Görüşdə Vatikanın Azərbaycandakı ordinarisi Vladimir Fekete iştirak etdi.
 
QMİ-nin Mətbuat Xidməti

Oxunub : 1700