Azərbaycan nümayəndə heyəti Ankarada IX Avrasiya İslam Şurası Məsləhətləşmələr Konfransında iştirak edib

Ankara, 10 avqust, AZƏRTAC 
Avqustun 9-da Türkiyənin Ankara şəhərində IX Avrasiya İslam Şurası Məsləhətləşmələr Konfransı keçirilib.
Cari ilin noyabrında İstanbulda keçirilməsi nəzərdə tutulan IX Avrasiya İslam Şurası Konfransına hazırlıq məqsədi daşıyan bu tədbirdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Əvvəlcə qurumun idarə heyətinin iclası, sonra geniş toplantı keçirilib. “Qurani-Kərim”dən ayələr oxunub.
İclasda və toplantıda Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmez, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin və başqaları çıxış ediblər.
Avrasiya İslam Şurasının əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr, təşkilatın perspektivində olan digər məsələlər barədə ətraflı məlumat verən M.Görmez, həmçinin iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişinə cəhdin acı nəticələrindən bəhs edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxışında təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini, müstəqilliyimizin bərpasından sonra ölkəmizdə bir neçə dəfə dövlət çevrilişinə cəhdlər olunduğunu, xalqımıza qarşı ermənilər tərəfindən dəfələrlə ağır terror aktları törədildiyini diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının dəstəyi ilə dövlətimizə qarşı bütün təxribatların qarşısını alıb. Allahşükür Paşazadə iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin Azərbaycanda ciddi narahatlıqla qarşılandığını söyləyib, Prezident İlham Əliyevin Türkiyə xalqı və dövlətinin yanında olması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməsi barədə ətraflı məlumat verib.
Terrorizmə, separatizmə, insanlığa qarşı digər bütün cinayətlərə qarşı İslam dünyasında həmrəyliyin vacib olduğunu diqqətə çatdıran Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, bu sahədəki əlaqələr daha da sıxlaşdırılmalı, səmərəli əməkdaşlıq qurulmalı, münaqişələrin həllinə, dövlətlərin ərazi bütövlüyünün bərpasına dair konkret addımlar atılmalı, o cümlədən bütün bu məsələlərdə dini təşkilatlar dövlətlərarası münasibətlərə dəstək verməlidir.
Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin Rusiya-Türkiyə münasibətlərinin inkişafının əhəmiyyətini diqqətə çatdırıb. O, əminliklə bildirib ki, Rusiya və Türkiyənin dövlət başçıları iki ölkə arasında faydalı münasibətlərin qurulmasını təmin edəcəklər.
Çıxışlarda diqqətə çatdırılıb ki, dövlətə qarşı qiyam qaldırmaq, o cümlədən xalq tərəfindən seçilmiş hakimiyyətlərin güc yolu ilə devrilməsinə səy göstərmək yolverilməzdir. Din adından istifadə edərək insanları aldatma yolu ilə bu təxribatlara sövq etmək islami dəyərlərə ziddir. Qeyd olunub ki, tarixin ağır sınaqlarından üzüağ çıxan Türkiyə xalqı bu dəfə də dövlət əleyhinə törədilən təxribatların qarşısını mərdliklə aldı. Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyəti və xalqın mütəşəkkilliyi qiyamın yatırılmasında mühüm rol oynadı.
İdarə heyətinin üzvləri keçirdikləri brifinqlərdə də 15 iyul hadisələrini qətiyyətlə pisləyib, Türkiyə dövləti və xalqına həmrəylik mesajları veriblər. İslam təşkilatları arasında səmərəli əməkdaşlığın qurulmasının vacibliyi qeyd olunub.
Sonra toplantı iştirakçıları Türkiyə Böyük Millət Məclisində (TBMM) olublar. Onlar qiyamçıların hücumları nəticəsində Türkiyə parlamentinin dağıntıya məruz qalan yerləri ilə tanış olublar. Acınacaqlı mənzərədən təəssüf hissləri ifadə edilib.
TBMM-in sədri İsmayıl Kahraman tədbir iştirakçıları ilə görüşüb.
Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyə parlamentinin sədrinə çatdıran Allahşükür Paşazadə 15 iyul hadisələri zamanı şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. O, Azərbaycan xalqı adından yaralıların müalicəsi üçün 100 min ABŞ doları məbləğində vəsait çatdırıldığını bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycan Prezidentinin və xalqımızın 15 iyul hadisələri zamanı Türkiyə dövləti və xalqı ilə həmrəylik nümayiş etdirdiklərini xatırladaraq bunun dostluğumuzun, qardaşlığımızın bariz nümunəsi olduğunu vurğulayıb.
Yüksək diqqət və qayğıya, göstərilən yardıma görə minnətdarlığını bildirən İ.Kahraman onun da səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. O, Prezident İlham Əliyevin 2014-cü il aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə “Türkiyə nümayəndələri burada yoxdur, ancaq mən buradayam” deyərək Ermənistan prezidentinin böhtan dolu çıxışına layiqli cavab verməsinin əsl qardaşlıq nümunəsi olduğunu və əbədi olaraq Türkiyə xalqının yaddaşında qalacağını bildirib.
Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin tarixinə dair maraqlı məqamlar xatırlanıb, əlaqələrimizin hazırkı vəziyyəti yüksək qiymətləndirilib.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov səfər zamanı nümayəndə heyətimizi müşayiət edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara 

Oxunub : 1812