Azərbaycanlı hafizlər beynəlxalq Qurani-Kərim müsabiqələrində uğurla çıxış etməyə davam edirlər.

Artıq Azərbaycanlı hafizlərin İslam dünyasının müxtəlif ölkələrində keçirilən Quran tilavət və hifz müsabiqələrinə dəvət olunmaları ənənəvi hal almışdır. Bu yaxınlarda sizə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Quran müsabiqəsində iştirak etmək üçün Malayziyanın paytaxtı Kuala-Lumpura ezam olunan Azərbaycanlı hafizlər Elşən Rəhimli və Xaliq Ağammədovun orada qazandıqları uğur barədə xəbər vermişdik.
İyun ayının sonunda İordaniyanın paytaxtı Ammanda 27 ölkənin, Əlcəzairdə isə 54 ölkənin təmsilçiləri arasında növbəti Qurani Kərim müsabiqələri keçirildi. Azərbaycanı İordaniyada Şəki İslam mədrəsəsinin məzunu hafiz Bədirov Şüeyb İsmayıl oğlu, Əlcəzairdə isə eyni mədrəsənin məzunu hafiz Məmmədov Sadiq Nurməmməd oğlu təmsil edib. Hər iki hafizimiz seçmə sınaqları keçərək əsas müsabiqədə uğurla çıxış etdilər.
Qeyd edək ki, builki müsabiqə Zaqatalalı Bədirov Şüeyb üçün artıq 4-cü beynəlxalq sınaqdırsa, Ağdaş rayonu Yuxarı Nemətabad kəndinin sakini Sadiq Məmmədov ilk dəfədir ki, hafizlik məharətini beynəlxalq səviyyədə sınayıb.

Oxunub : 2467