Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan dünyada mədəniyyətin inkişafına böyük töhfələr verir

02.12.2021
Ötən il Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı Ermənistan üzərində böyük Qələbə qazandı və torpaqlarımızı işğaldan azad etdi. Bu, İslam dünyasında son dövrlərdə əldə edilmiş ən mühüm nailiyyətlərdən biridir. Təbii ki, bu Qələbə bizə asan başa gəlmədi. Neçə-neçə igid övladlarımızı şəhid verdik. Vətən müharibəsi şəhidlərinə və noyabrın 30-da təyyarə qəzasında şəhid olan hərbçilərimizə Uca Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dekabrın 2-də Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunun (“Peace4Culture” Partners Forum) iştirakçıları ilə görüşündə deyib.
Forumun böyük əhəmiyyət daşıdığını deyən QMİ sədri qeyd edib ki, sülh və mədəniyyət bir-birindən çox asılıdır. Sülh olan yerdə mədəniyyət də olur.
“Bu gün Azərbaycan dünyada sülh, sabitlik məkanı kimi tanınır. Azərbaycan dövləti dünyada mədəniyyətin inkişafına böyük töhfələr verir. Buraya tarixi, mədəni abidələrin bərpası, mədəniyyətin inkişafı kimi məsələlər də daxildir", - deyə şeyxülislam Allahşükür Paşazadə əlavə edib.
ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Ravvin Mark Şnayer dünyada böyük dini lider kimi tanınan şeyxülislam Allahşükür Paşazadənin sülhün təmin edilməsində rolunun böyük olduğunu vurğulayıb.
Mədəniyyətlər İttifaqının başqanı Bekir Karlığa bu gün dünyada mədəniyyətlərarası savaşın müşahidə olunduğunu deyib. Qeyd edib ki, şeyxülislam Allahşükür Paşazadə bütün dünyada sülhün carçısı kimi tanınır.
Görüşdə, həmçinin Milli Məclisin deputatları iştirak ediblər.
 
 
 
 
 
 

Oxunub : 7201