Allahşükür Paşazadə həzrətləri Belarus Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirini qəbul etdi

 
09.02.2021
Fevralın 9-da QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Belarus Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Andrey Ravkovu qəbul etdi.
Qonağı Azərbaycanda salamlayan və ona bu məsuliyyətli vəzifədə uğurlar diləyən QMİ sədri, qardaş Belarus və onun xalqının Azərbaycan üçün xüsusi yerə malik olduğunu vurğuladı. Şeyxülislam həzrətləri Azərbaycan və Belarus arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrin mövcud olduğunu qeyd edərək, iki dövlət başçısı, Zati-aliləri İlham Əliyevlə Zati-aliləri Aleksandr Lukaşenko arasındakı qardaşlıq  münasibətlərinin bu əlaqələri daha da möhkəmləndirdiyini vurğuladı. QMİ sədri əmin olduğunu bildirdi ki, böyük təcrübəyə sahib olan cənab Ravkov iki ölkə arasındakı əlaqələrin bundan sonra da inkişaf etməsinə öz layiqli töhfəsini verəcək.
Şeyxülislam həzrətləri Azərbaycanın əzəli Qarabağ torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi ərzində Belarus ölkəmizə verdiyi dəstəyə görə öz xüsusi təşəkkürünü dilə gətirdi. QMİ sədri qeyd etdi ki, bu tarixi zəfər ölkə başçısı, Zati-aliləri İlham Əliyev cənablarının fövqəladə səyləri, şanlı ordumuzun və bütün Azərbaycan xalqının Prezident cənablarının ətrafında sıx birləşməsi nəticəsində mümkün olmuşdur. Şeyxülislam həzrətləri hazırda ölkəmizin qarşısında azad olunmuş torpaqlarda bərpa, yenidənqurma və abadlıq işlərinin durduğunu qeyd etdi.
Şeyxülislam həzrətlərinə qəbul üçün səmimi təşəkkürünü bildirən cənab Ravkov, öz növbəsində, ötən həftə XİN-in dəvəti ilə Cəbrayıl və Zəngilan rayonlarına səfəri barədə məlumat verdi. Cənab səfir azad olunmuş torpaqlarda müşahidə etdiyi dağıdılmış evlər, yerlə bir edilmiş qəbirstanlıqlar, məhv edilmiş təbiət mənzərələrindən olduqca təsirləndiyini, bunun dəhşətli, acınacaqlı olduğunu dilə gətirərək, Azərbaycan dövlətinin qarşısında burada görüləcək çox işlərin olduğunu vurğuladı və bu işlərdə ölkəmizə uğurlar dilədi.
Səmimi dostluq şəraitində keçən görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etdilər. 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 6368