Azərbaycanın haqq işini Bolqarıstan müsəlmanları da dəstəkləyirlər

16.11.2020
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda keçirilən onlayn Beynəlxalq Konfransda iştirak edən Bolqarıstan müsəlmanlarının baş müftisi Mustafa Hacı çıxışında Azərbaycanın haqq mübarizəsinə böyük dəstəyini ifadə edib. Baş müftinin çıxışı həm tarixi faktlara, həm də müasir humanitar aspektlərə toxunması ilə diqqəti cəlb edib.
AZƏRTAC xəbər verir ki, 1987-ci ildən sonra Ermənistanın açıq şəkildə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdiyini xatırladan Mustafa Hacı həmin dövrdən sonra yüz minlərlə azərbaycanlının sistemli şəkildə həm Ermənistandakı torpaqlarından zorla çıxarıldığını, həm də Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu vurğulayıb.
Baş müfti xüsusilə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror fəaliyyətlərinə diqqət yetirib. Qeyd olunub ki, etnik təmizləmə siyasətini tamamlayan ermənilər 1990-cı illərdən etibarən Azərbaycanda terror dalğasını genişləndirərək soyqırımı siyasətinin növbəti mərhələsinə keçiblər.
Çıxışda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Qarabağ problemi ilə bağlı qərarlarının icra olunmadığı xatırladılmaqla, Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq edilmədiyi də əksini tapıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində Azərbaycan tərəfinin, ilk növbədə, sülh variantını seçdiyini vurğulayan Mustafa Hacı ölkəmizin haqq mübarizəsinə dəstəyini ifadə edib.
Xatırladaq ki, Bolqarıstan Müsəlmanlar Dəyanəti Baş Müftiliyi Azərbaycana davamlı dəstəyini ifadə edir. Qurum sentyabrın 27-də də bəyanatla çıxış edərək Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı hərbi təxribatını qınayıb.
 
 
 

Oxunub : 3280