“Newsweek”: Qarabağın Gələcəyi naminə etiqadların Birliyi

 
Newsweek” nəşrində Bütün Qafqaz və Azərbaycan müsəlmanlarının dini lideri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri, eləcə də yəhudi və xristian dini liderləri - Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal və Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin "Qarabağın gələcəyi naminə etiqadların birliyi" adlı birgə məqalələri dərc edilib.
Məqalədə deyilir:
"Biz, Azərbaycanın yəhudi, xristian-pravoslav və müsəlman icmalarının dini liderləri, dünya mətbuatında ölkəmizin "xristianların təhdid altında olduğu müqəddəs müharibəyə" qoşulduğu barədə məlumatlara cavab verməyə qərar verdik".
Fərqli etiqadlara sahib olsaq da, hamımız bir xalq - Azərbaycanlıyıq” deyən dini liderlər Dağlıq Qarabağ münaqişəsi çərçivəsində başlayan hərbi əməliyyatları dini müharibə kimi təqdim edənlərə cavab verərək, Ermənistanla Azərbaycan arasında şiddətlənən qarşıdurmanın dini mahiyyət daşımadığını, Azərbaycanın tolerantlıq, çox etiqadlılıq və multikulturalizm nümunəsi olduğunu bəyan ediblər.
"Biz aşkenazi yəhudilərinin ənənələrinin, katolik, pravoslav və erməni ənənələrinə sahib olan xristianların olduğu çoxmillətli bir ölkəyik. Hətta islam təkcə bir qolu ilə təmsil olunmur, vətəndaşlarımız arasında sünnilər də, şiələr də var.
Sözsüz ki, Ermənistan xristian ölkəsidir. 1988-94-cü illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına səbəb olan münaqişə zamanı əksəriyyəti müsəlman olmaqla 300 mindən çox azərbaycanlı Ermənistandan qaçqın olub.
Bu müharibədə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qarabağ və ətraf rayonlar işğal edilib, 700 000 azərbaycanlı bu torpaqlardan qovulub.
Azərbaycan işğalçı rolunu oynamır. Azərbaycanın təklif etdiyi həll yolu Dağlıq Qarabağda yaşayanları qovmaq deyil, vaxtilə bu torpaqlardan qovulanları oraya qaytarmaqdır. Bizim ölkəmiz sülh şəraitində yaşamaq istəyən müxtəlif dinlərin nümayəndələrinə qanuni sərhədləri daxilində muxtariyyət şansı verir".

Dini liderlər dünya ictimaiyyətinin diqqətini o fakta da cəlb ediblər ki, hazırda Qarabağda yalnız erməni kilsələri açıqdır, digər dinlərə aid ibadət yerlərinin isə dağıdılıb, zədələnib və ya təyinatı dəyişdirilib. Bunun tam əksi olaraq Azərbaycanın şəhər və qəsəbələrində kilsələr, sinaqoqlar, məscidlər ibadət üçün açıqdır.
Məqalədə bildirilir: "Dini siyasət alətinə çevirmək və dinləri bir-birinə qarşı düşürməyə cəhd etmək təhlükəlidir. Siyasətçilərdən bu cür hərəkətləri dayandırmağı və yenidən nəzərdən keçirmələrini xahiş edirik. Onlar nə etdiklərini bilmirlər. Xristian, müsəlman və başqa bir çox dinlərin təmsilçilərinin yaşadığı zəngin və yoxsul ölkələr var. Ancaq unutmamalıyıq ki, Uca Tanrı qarşısında hamımız bərabərik".
 
 
 
 

Oxunub : 1917