Qafqaz Müsəlmanları İdarəsinin BƏYANATI

Allahın Adı ilə!
Uzun illərdir ki, Dağlıq Qarabağ və ətraf rayonları əhatə edən 20 faiz  ərazimizi işğal altında saxlayan bədnam Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhəddində, Tovuz rayonu istiqamətində son günlərdə təxribatlar törədilməsi, atəşkəs rejiminin pozulması, ərazilərimizin təcavüzə məruz qalması Azərbaycan xalqını, o cümlədən, dini ictimaiyyətimizi  dərindən narahat edir. Yer üzündə ən vacib ilahi dəyər olan Sülhün zaman-zaman mənfur qonşu dövlət tərəfindən məkr və fitnə ilə pozulması yeni savaşlara və yeni tələfatlara meydan açmışdır. Böyük ürək ağrısı ilə qeyd edirik ki, düşmənin təxribatçı həmləsini dəf edərkən qəhrəman Azərbaycan övladları şəhid olmuş, igid hərbçilərimizin bir neçəsi yaralanmış, mülki əhali arasında insan tələfatı baş vermişdir. Bu təxribatın bütün siyasi və hüquqi məsuliyyəti Ermənistan tərəfin üzərindədir, törətdiyi cinayət əməllərinə görə bu dövlətin siyasətbazları Allah və bəşər məhkəməsi qarşısında cavab verəcəkdir. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla Qazılar Şurası və bütün müsəlman din xadimlərimiz adından şəhidlərimizə Allah-təaladan rəhmət, yaralılarımıza şəfaət diləyir, şəhidlərimizin ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına səbr və  dəyanət arzulayır, düşmən qarşısında mətanətli olmaga çağırırıq.
Ən böyük təsəllimiz budur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi, hərbçilərimizin qisası alınıb, müqəddəs dövlət sərhəddimiz qorunub və düşmən əsgərləri geri çəkilib. Qüdrətli Azərbaycan ordusunun azğın təcavüzkarı geri oturtması, cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması bizdə sonsuz inam və qürur hissi yaratdı. Biz işğalçı Ermənistanın bu çirkin təxribatını qətiyyətlə pisləyir, dünya ictimaiyyətini və beynəlxaq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə, təcavüzkarın hüquqi cəzalandırılması üçün səy göstərməyə çağırırıq!
Qafqaz Müsəlmanları İdarəsi bu narahat günlərdə Ali Baş Komandanımız, dövlətimiz, xalqımız və Vətən torpaqlarını müdafiə edən ordumuzla həmrəy olduğunu bir daha  bəyan edir, qəhrəman Azərbaycan Ordusuna həmişə yüksək qələbə əzmi, parlaq zəfərlər arzulayır! Allah-təala Haqq işimizə yardımçı olsun!
                Bakı şəhəri                                                                                    14 iyul 2020-ci il
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2166