Allahşükür Paşazadə həzrətlərinin 20 yanvar faciəsinin 30-cu ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışı.

 
Hörmətli məclis iştirakçıları, dəyərli qonaqlar!
 
              Bu gün biz böyük bir tarixi dönəmin – Qanlı Yanvar hadisələrinin 30-cu ildönümü ərəfəsində sizlərlə bir araya gələrək, müstəqil Azərbaycan dövlətçilyinin bərpası uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin mübarək ruhlarını yad edirik. Bu, bir millət olaraq şəhid olmuş dəyərli həmvətənlərimizin müqəddəs ruhu, unudulmaz xatirəsi  qarşısında borcumuzdur.  Bu, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və imansız bir imperiyanın dağılması uğrunda mübarizənin ilk qurbanlarına – 20 Yanvar şəhidlərinə, Xocalı soyqırımı və Qarabağ müharibəsi şəhidlərinə, Allah-Təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalanlara sonsuz ehtiramımızdır.
 
              Hörmətli məclis iştirakçıları! 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür. Bu, onilliklərlə ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qürurunun və qan yaddaşımızın əyani təzahürüdür. 20 Yanvar faciəsi XX əsr tariximizə xeyirlə şərin, ədalətlə zülmün, işıqla zülmətin, azadlıqla əsarətin əbədi mübarizəsinin misilsiz nümunəsi kimi düşən, Məğlubiyyətimizlə Qələbəmizin qoşa rəmzi olan bir hadisədir. 20 Yanvar bir tərəfdən xalqımızın sinəsinə çəkilən çalın-çarpaz dağ olsa da, digər tərəfdən onun mübarizə ruhunun, azadlıq istəyinin əbədiliyini bir daha sübuta yetirdi. Qanlı şənbə gecəsində qurban gedən şəhidlər minlərin deyil, milyonların qəlbinə azadlıq toxumu səpdilər.
 
        Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. 1990-cı ilin 20 yanvarında baş verən hadisələr, əslində,“Böyük Ermənistan” xülyası ilə yaşayanların əlində oyuncağa çevrilmiş Qorbaçov kimi ləyaqətsiz dövlət rəhbərinin xalqımıza qarşı öncədən hazırlanmış planı idi. Heydər Əliyevin SSRİ dövlətinin yüksək mənsəbli liderlərindən olması, Siyasi Büro üzvü seçilməsi, nüfuzunun yenilməzliyi Moskvanın erməni lobbisini narahat edir, Qorbaçov və ətrafını qıcıqlandırırdı. Onlar hələ 1987-ci ildə xalqımızın böyük oğlu Heydər Əliyevi Siyasi Büro üzvlüyündən kənarlaşdırarkən Azərbaycanı başsız qoymaq, yenilməz nüfuza malik rəhbərdən məhrum etmək niyyətindəydilər.
 
 
            Hadisələrin sonrakı gedişatını əksəriyyətimiz yaxşı xatırlayırıq: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları fövqəladə vəziyyət elan etmədən Bakıya daxil olaraq öz vətəndaşlarına – qocalara, qadınlara, uşaqlara, azərbaycanlılara, ruslara, yəhudilərə, bir sözlə dinc əhaliyə qanlı divan tutdular. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Həmin müdhiş gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açdılar. Xüsusi təyinatlı dəstələrin amansiz qəddarlığı nəticəsində Bakıda və respublikanın bir sıra rayonlarında 136 nəfər şəhid edildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı.
 
               Dövlətin bütün siyasi və inzibati orqanlarının iflic vəziyyətinə düşdüyü bir dövrdə xalq və dövlət arasında dəhşətli bir uçurum əmələ gəlmişdi. Dövlətə və allahsız kommunist ideologiyasına inamını itirən Azərbaycan xalqı bu məqamda kimə müraciət edəcəyini bilmirdi. Digər tərəfdən, mərkəz vəziyyətdən istifadə edərək baş verənləri milli və dini münaqişə kimi qələmə verməyə çalışır, xalqımızın istibdada qarşı mübarizəsini dünya ictimaiyyətinə  İslam fundamentalizmi,  ekstremizm kimi təqdim edirdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altındaydı – məqsəd dövlətimizi parçalamaq, separatçılığa sürükləmək,  milli məhvə məhkum etməkdi. Bütün bunlar ermənilərin əlində oyuncağa çevrilmiş qorbaçovların, faşist ruhlu sovet siyasi rəhbərliyinin uzun illər ərzində xalqımıza qarşı planlaşdırdığı düşmənçilik  siyasətinin bariz təzahürüydü.
 
     Həmin günlərdə ölkədə çalışan, fəaliyyət göstərən, təcavüzkarlara sinə gərən, minlərlə faciə qurbanlarının, milyonlarla vətəndaşın yeganə ümid yeri – Qafqaz Müsəlmanları İdarəsi idi. Qafqaz Müsəlmanları İdarəsi hadisələrin ilk dəqiqəsindən qərargaha çevrildi; yanvarın 22-də şəhidlərin misli görünməmiş dəfn mərasiminin təşkilati rəhbərliyi, yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq  paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili, din xadimlərimizin nümayiş etdirdiyi mərdlik və fədakarlıq   bunlar bizim fəaliyyətimizin yalnız  görünən tərəfiydi. Əslində o məqamda İdarə bütün şərəf və ləyaqəti ilə imperiya siyasətinin riyakarlığına meydan oxudu, informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etdi və yalançı “qəhrəmanlardan” fərqli olaraq xalqa həqiqi mənəvi dəstək oldu. Əgər o zaman  keçmiş SSRİ rəhbərliyinin siyasi avantüralarına aldanıb hakimiyyət təklifləri qəbul edilsəydi,  sonra xalqımızın, dövlətimizin başına nə müsibətlər gələcəyini təsəvvür etmək belə çətindir. Və nəhayət, əgər o faciəli dünənimizdə Heydər Əliyevin bizə və xalqımıza mənəvi dəstəyi olmasaydı, bu günkü sabitliyi, əmin-amanlığı, xalq və dövlət birliyini görmək  bizə nəsib olmazdı.
 
            Hörmətli məclis iştirakçıları! 20 Yanvar faciəsindən 30 il keçir, lakin tariximizin o çətin sınaq dövrü gözlərimin önündən silinmir. Bu gün həmin hadisələrin tarixi ardıcıllığını izləyən hər kəs Qafqaz Müsəlmanları İdarəsinin təmənnasız və fədakar fəaliyyətinin şahidi ola bilər. O qanlı dönəmdə belə məsuliyyətin altına girməyin nə dərəcə ağır və təhlükəli olduğunu çoxlarınız xatırlayırsınız. Fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq yanvarın 21-də Təzəpir məscidinin həyətində minlərlə insanın iştirak etdiyi mitinq keçirildi. Şəhidlər üçün dəfn yerinin təyin olunması məsələsində hərbi komendaturanın ciddi narazılığına baxmayaraq, Dağüstü parkın seçilməsində israr olundu. Yanvarın 22-də tarixdə görünməmiş milyonluq izdihama başçılıq edərək dəfn mərasiminin önündə durduq və ilk dəfə olaraq allahsız sovet rejimini “mənfur imperiya” ifadəsi ilə lənətlədik. Dəfn prosesində bir nəfər belə hərbçinin iştirakına və müdaxiləsinə imkan verilmədi. Ölkədə bütün informasiya agentliklərinin nəzarətdə olduğu bir vaxtda biz böyük çətinliklə BMT-nin Baş katibliyinə, dünyanın dövlət başçılarına və dini rəhbərlərə, SSRİ Ali Sovetinin sədri sayılan Mixail Qorbaçova bəyanatımızı ünvanlaya bildik. İtaliyanın “Reppublika” qəzetinin müxbiri Entso Mauro ilə görüşüb Bakıda törədilən cinayətlər haqqında həqiqətləri o zamankı Roma Papası II İoann Pavelə çatdırdıq. Daha sonra, ilk günlərdə bir sıra rəsmi şəxslərin etirazına baxmayaraq, 20 Yanvar faciəsinin bütün qurbanlarının müqəddəs şəhid kimi tanınmasına və “şəhid” ifadəsinin qəbul edilməsinə nail olduq.
 
 
               Bu mücadilədə bizim mənəvi dəstəyə, yol göstərən rəhbərə, zülməti işıqlandıran bir insana böyük ehtiyacımız vardı. Həmin günlərdə Qafqaz Müsəlmanları İdarəsinin ünvanına daxil olan ilk başsağlığı teleqramı Moskvadan, Ulu Öndərimiz mərhum Heydər Əliyevdən gəldi. Qəlbi daim xalqın taleyi ilə döyünən bu böyük insan baş verənləri Azərbaycan xalqına qarşı törədilmiş cəza tədbirləri kimi dəyərləndirirdi. Heydər Əliyev siyasi yolunun davamçısı İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. Burada həmvətənlərimiz qarşısında çıxışıyla sovet imperiya siyasətini kəskin tənqid edən, kommunist ideallarından və partiya biletindən imtina edən Heydər Əliyev xalqın həqiqi mənəvi atasının, əsl dövlət xadiminə xas ləyaqətini nümayiş etdirdi. Məhz onun hakimiyyətə yenidən qayıdışı dönəmində 20 Yanvar hadisələri siyasi qiymət alaraq SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz aktı kimi qiymətləndirildi.
 
              Bu 30 il ərzində elə bir il olmayıb ki biz dünya ictimaiyyətinə, parlamentlərə, hökümətlərə müraciət edərək Azərbaycan xalqına qarşı törədilmiş, günahsız insanların qətlinə fərman vermiş şəxslərin cinayətlərini ifşa etməyək, beynəlxalq müstəvidə onların cəzalarına qiymət verilməsində israr etməyək.  Biz bu gün də geniş və hərtərəfli araşdırmalar aparacaq yeni istintaq komissiyasının yaradılmasını, bu hadisələri törədənlərin, başda Qorbaçov olmaqla, ona rəvac verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını, beynəlxalq Haaqa məhkəməsinə çıxarılmasını tələb edirik.
 
              Şəhidlik – böyük məktəbdir. Yüz illər keçsə də,  şəhidlər  hörmətlə anılacaq, 20 Yanvar faciəsi İslamın müqəddəs Aşura mərasimi kimi uca və əziz tutulacaqdır. Çünki, şəhidlik imanın ən yüksək zirvəsi, insan əxlaqının ən gözəl nümunəsidir. Şəhidlər bütün bəşəriyyət üçün fədakarlıq örnəyidirlər. Elə buna görə də, biz Qanlı Yanvar hadisələrinin 30 illik mərasimlərinin Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü kimi qeyd olunmasının tərəfdarıyıq və burada əyləşən bütün din xadimlərimizə, qazilərimizə, səlahiyyətli nümayəndələrimizə və ruhanilərimizə tədbirlərin bu səpkidə keçirilməsini tövsiyə edirik.
 
               Unutmayın ki, 20 Yanvar bizi müstəqilliyə, iqtisadi tərəqqiyə, milli və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi idi. Heç bir mübarizə qansız olmadığı kimi bizim də mücadiləmiz, təəssüf ki, qurbansız olmadı. Amma biz dözüm və fədakarlığımızla düşmənlərə meydan oxuduq. Şükrlər olsun ki, İlahinin bizə böyük lütfü sayəsində ölkəmizin siyasi rəhbərliyinə Heydər Əliyev kimi müdrik rəhbər və İlham Əliyev kimi nüfuzlu lider gəldi. Allahın köməyi ilə dövlətçiliyimizi və milli varlığımızı qoruyub saxladıq, yeni, daha gözəl bir Azərbaycan yaratdıq. Ölkənin ən çətin məqamlarında, iqtisadi böhranlar və ictimai gərginliklər dönəmində belə möhtərəm Prezidentimiz milli dəyərlərimizə, dindarlarımızın arzu və ehtiyaclarına həssaslıqla yanaşır. Yanvar faciəsində qətlə yetirilənlərin,  şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı ildə dövlət başçımızın fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildi. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım 2010-cu ildə metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhidlərin xatirəsinə yüksək ehtiramını, şəhid ailələrinə yaxından diqqət və qayğısını, 20 Yanvarda sağlamlığını itirmiş şəxslərin və Qarabağ qazilərinin müalicəsinin təşkili istiqamətində misilsiz səylərini minnətdarlıqla qeyd edirik. İnanırıq ki, Allahın köməyi və Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağ torpaqlarımızın qaytarılması uğrunda haqq mücadiləmizi qalib kimi başa vuracaq, dövlətimizin qüdrətini dünyaya bəyan edəcəyik, inşallah!
 
             Mən bir daha ruhanilərimiz və dindarlarımız adından şəhidlərin ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına Qadir Allahdan rəhmət, səbr və dəyanət diləyirəm. Və bu gün də, 30 il əvvəlki müraciətimdə dediyim kimi, bir daha əmin olduğumu bildirmək istəyirəm ki, “şəhidlərin müqəddəs qanlarının axıdılmasına bais olanlar həm bu dünyada tarix qarşısında, həm də qiyamət günü Allah-taala qarşısında layiqli cəzadan yaxa qurtara bilməyəcəklər!”  Bu – bizim duamız və hər birimizin ədalətə ümididir!
 
            Allah şəhidlərimizə rəhmət eləsin və hər zaman xalqımızın  köməyi olsun!  Amin!
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 775