QMİ sədri Vyanada keçirilən beynəlxalq konfransda iştirak edib

 
31.10.2019
QMİ sədri, Bakı Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq  Mərkəzinin (BDSƏM) Baş katibi Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 30-da KAICIID tərəfindən Vyanada təşkil olunmuş “Sözlərin gücü: Nifrət nitqinə qarşı mübarizədə dinin, medianın və siyasətin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
200-dən çox dini liderlərin, media qurumlarının rəhbərlərinin və yüksək rütbəli siyasətçilərin iştirak etdiyi konfransda müasir cəmiyyətlərdə ənənəvi və elektron mediada yayılan nifrət nitqlərinə qarşı mübarizə, bu sahədə görüləcək tədbirlər müzakirə olunmuşdur.
Konfransda məruzə ilə Avstriya Respublikasının sabiq  prezidenti cənab H.Fişer çıxış etmişdir. Rabitə sahəsindəki müasir texnologiyalar nifrət dolu nitqlərin demək olar ki, bütün elektron medialarda mövcud olmasına imkan yaratdığını, yer üzündəki istənilən yerdən nifrət nitqlərini və nifrət mesajlarını istənilən başqa bir yerə göndərməyin mümkün olduğunu qeyd edən sabiq prezident Birləşmiş Millətlər Təşkilatının Baş katibi António Guterresin bir neçə ay əvvəl nifrət nitqinə qarşı  təsirli yollar taparaq mübarizə aparmaq  üçün BMT ekspertlərini xüsusi konfransa topladığını xatırlatdı.
Cənab Fişer öz çıxışında demişdir: “Nifrət mesajları da daxil olmaqla mesajların sayının artması partlayışa bənzəyir. Bu inkişafı cilovlamaq, tənzimləmək üçün müəyyən qaydalar yaratmağa ehtiyacımız var. İnsanları və cəmiyyəti qorumaq üçün hansı qaydalar yaradılmalıdır, bunu mediaya və informasiya azadlığı prinsipinə qarşı həddən artıq məhdudiyyət qoymadan necə etmək mümkündür? Bu problem barədə düşünmək və danışmaq labüddür. Bu, problemi həll etdiyimiz anlamına əlbəttə ki, gəlməz. Ancaq bir problemi və onun həll etilməsi yollarını müzakirə etmək onua aradan qaldırılması yolunda atılan ilk və vacib bir addımdır”.
Dünən axşam saatlarında konfrans öz işini başa vurub.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 220